“Ermənistan hökuməti faktiki olaraq artıq “Tramp marşrutu” (TRIPP) layihəsinin icrasına başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan hökuməti növbəti proseslərin təşkili hələ başlamamış öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərini sifariş etməyə başlayacaq. Vaxt itirmək istəmirik. TRIPP-in inkişafı üzrə şirkət təsis edilən kimi Ermənistan hökuməti artıq görülmüş işləri həmin şirkətə təhvil verəcək”, - baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən blokadanı aradan qaldıracaq:
“Şübhəsiz və birmənalı şəkildə demək olar ki, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan bütün istiqamətlərdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində kommunikasiyalarını açacaq. Amma bütün bu istiqamətlərdə kommunikasiyaların açılması heç də bütün infrastrukturun TRIPP layihəsinin tərkibinə daxil ediləcəyi demək deyil.
TRIPP layihəsinə Nrnadzor-Kerçevan dəmir yolu, həmçinin elektrik ötürücü xətləri və avtomobil yolu daxil ediləcək. Qaz və neft kəmərləri ilə bağlı məsələlər isə daha sonra müzakirə olunacaq”.