Ermənistan üçün əsas təhlükə artıq Azərbaycan yox, Rusiyadır - İlham İsmayıl

  • KTMT Rusiyanın əlində Ermənistana qarşı bir təzyiq vasitəsidir

Ermənistan Rusiya ilə yollarının kəsişdiyi təşkilat və ittfaqlardan çıxmağı hədəfləyib. Hazırda tərəflər arasında əsas gərginlik İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşması və blokdakı gələcək statusu üzərində cərəyan edir. Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-də üzvlüyü İrəvanın beynəlxalq silah bazarlarına inteqrasiya olunmasına əsas əngəl kimi qiymətləndirir.

Baş nazir, Təşkilatda aktiv fəaliyyəti bərpa etməyi planlaşdırmadıqlarını açıqlayıb. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, Ermənistan artıq iki ildən çoxdur qurumun işində iştirak etmir. Diplomatın xəbərdarlığına görə, üzvlük haqqını 2 il ödəməyən dövlətin səs hüququ və rəhbər vəzifələrə namizəd irəli sürmək səlahiyyəti dondurulacaq. Qeyd edək ki, Ermənistanın Təşkilatdakı taleyi noyabrın 11-də KTMT-nin növbəti iclasında müzakirə olunacaq. 

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Sherg.az-a bildirib ki, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan özü üçün qonşu dövlətlərdən heç bir təhlükə hiss etmir:

“İndiki situasiyada Ermənistana əsas təhlükə mənbəyi Rusiyadır. KTMT mahiyyətcə, Rusiyanın postsovet məkanındakı hərbi-siyasi kölgəsidir. Qonşu ölkələr təhlükəsizlik maraqları baxımından Rusiyanın yanında yer almırlar. Əksinə, Moskvadan gələn potensial təhlükələrdən ehtiyatlandıqları üçün onun təsir dairəsində qalmağa məcbur olurlar. Rusiyanın isə Ermənistana siyasi və iqtisadi təzyiqləri getdikcə artır. Ermənistan iki ildən çoxdur ki, KTMT-nin işində iştirak etmir və üzvlük haqqını ödəmir. İndi Rusiya tərəfindən qoyulan məsələ onun səs hüququnun əlindən alınmasından ibarətdir”. 

Ekspertin sözlərinə görə, Ermənistan üçün təşkilatdan çıxmaq heç bir əhəmiyyət kəsb etmir:

“Çünki onsuz da təşkilatın işində rol oynamır. Yenə deyirəm, KTMT-yə üzv ölkələr Rusiyadan təhlükə gəldiyinə görə onun yanındadırlar. Başqa bir ölkədən KTMT-nin digər üzvlərinə, o cümlədən Ermənistana heç bir təhlükə gözlənilmir. Ona görə də sabah Ermənistanı KTMT-dən çıxarsalar belə, bu Rusiyanın məğlubiyyəti olacaq. Perspektivdə digər ölkələrin də təşkilatdan çıxmasına şərait yaradacaq. Bu səbəbdən Rusiya Ermənistanı təşkilatdan birbaşa xaric etmək əvəzinə, mövcud şəraitdə onun səs hüququnun alınması məsələsini qaldırır. KTMT Rusiyanın əlində Ermənistana qarşı bir təzyiq vasitəsidir. Həmişə elə düşünürdülər ki, güya Ermənistanı Türkiyədən və Azərbaycandan qoruyurlar. Halbuki, Azərbaycan sülh müqaviləsini imzalamaq üçün çalışır. Qardaş Türkiyə isə Ermənistanla normallaşma münasibətləri çərçivəsində sərhədləri açmaq istəyir”.