- Gürcüstana təzyiq, Ermənistana sükut - Qərb Paşinyan hakimiyyətinin özbaşnalıqlarına göz yumur
2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ölkənin siyasi gələcəyi ilə yanaşı, Qərbin region siyasəti və demokratiya anlayışına münasibəti ilə bağlı da ciddi müzakirələrə səbəb olub.
Seçkilərdən sonra Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi rəsmən demokratik prosesin nəticəsi kimi təqdim edilsə də, seçkiöncəsi və seçkidən sonrakı hadisələr bununla bağlı fərqli yanaşmaların formalaşmasına gətirib çıxarıb.
Müxalif dairələrin iddialarına görə, seçkilər ərəfəsində hakimiyyət rəqiblərinə qarşı genişmiqyaslı təzyiq kampaniyası həyata keçirib. Müxtəlif siyasi qüvvələrin nümayəndələrinin saxlanılması, müxalifətə yaxın şəxslərin təqiblərə məruz qalması, inzibati resurslardan istifadə və seçicilərə təsir göstərilməsi barədə ittihamlar Ermənistanın demokratik imicinə kölgə salan amillər kimi qiymətləndirilir. Seçki günündə də dövlət sektorunda çalışan şəxslərin müəyyən istiqamətdə səs verməyə sövq edilməsi və digər pozuntularla bağlı məlumatlar yayılıb.
Diqqət çəkən məqamlardan biri isə seçkilərdən sonra siyasi təzyiqlərin dayanmaq əvəzinə daha da artması ilə bağlı iddialardır. Ermənistanın tanınmış iş adamlarından və siyasi fiqurlarından biri olan Qaqik Tsarukyanın həbsi hakimiyyətin opponentlərinə qarşı sərt xətt yürütməsi barədə müzakirələri yenidən aktuallaşdırıb. Tənqidçilər hesab edirlər ki, bu proseslər ölkədə siyasi plüralizmin zəiflədiyini və müxalifətin fəaliyyət imkanlarının məhdudlaşdırıldığını göstərir.
Bununla yanaşı, Ermənistanla bağlı beynəlxalq reaksiyalar da diqqət mərkəzindədir. Qərb ölkələrinin və beynəlxalq institutların seçkilərin nəticələrini əsasən müsbət qarşılaması, Paşinyan hökumətini demokratik transformasiyanın simvolu kimi təqdim etməsi müxtəlif suallar doğurur. Çünki eyni Qərb institutları başqa ölkələrdə seçki pozuntuları, siyasi təzyiqlər və həbslərlə bağlı daha sərt mövqe nümayiş etdirir.
Məhz bu məqam Qərbin “ikili standartlar” siyasəti ilə bağlı iddiaları gücləndirir. Məsələn, son illərdə Gürcüstanda siyasi proseslər və seçkilərlə bağlı Avropa və ABŞ tərəfindən kəskin bəyanatlar səsləndirilib, demokratiyanın gerilədiyi barədə xəbərdarlıqlar edilib. Ermənistan məsələsində isə analoji ittihamların fonunda daha yumşaq münasibətin nümayiş etdirilməsi Qərbin demokratiya və insan hüquqları prinsiplərindən daha çox geosiyasi maraqlara üstünlük verdiyi fikrini gücləndirir.
Əslində Ermənistanın son onilliklərdəki siyasi tarixi də bu müzakirələr üçün zəmin yaradır. Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətləri dövründə ölkədə sərt idarəetmə modelinin mövcudluğu tez-tez tənqid olunurdu. Lakin həmin dövrdə də beynəlxalq reaksiyaların məhdud olması diqqət çəkirdi. Bu gün Paşinyanın demokratik lider kimi təqdim olunması fonunda siyasi təzyiqlərlə bağlı ittihamların lazımi səviyyədə araşdırılmaması Qərbin yanaşmasının dəyişmədiyini, sadəcə prioritetlərinin fərqli olduğunu göstərir.
Bəzi ekspertlərin fikrincə, Ermənistan hazırda yeni geosiyasi mərhələyə daxil olur. Uzun illər Rusiyanın strateji təsir dairəsində olan ölkə son dövrlər Qərblə siyasi və iqtisadi inteqrasiyanı sürətləndirir. Bu dəyişiklik Ermənistan üçün yeni imkanlar yaratmaqla yanaşı, ciddi risklər də formalaşdırır. Çünki ölkənin böyük güclər arasındakı rəqabətin alətinə çevrilməsi daxili siyasi sabitliyi zəiflədə, iqtisadi problemləri dərinləşdirə və regional təhlükəsizlik balansını poza bilər.
Bu baxımdan Ermənistanda baş verən proseslər təkcə daxili siyasi mübarizə deyil, həm də regionda nüfuz uğrunda gedən geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Əgər demokratik institutlar siyasi məqsədlər üçün istifadə olunan alətə çevrilərsə və beynəlxalq aktorlar hadisələrə prinsipial deyil, maraqlar prizmasından yanaşarsa, bu, həm Ermənistanın gələcəyi, həm də regionun sabitliyi üçün yeni problemlər yarada bilər.