Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqatın qadağan olunduğu “sükut günü” qüvvəyə minib.
Teleqraf xəbər verir ki, qadağa iyunun 6-na keçən gecə yerli vaxtla saat 00:00-dan etibarən tətbiq olunub.
Ermənistan qanunvericiliyinə əsasən, bu müddətdə siyasi partiyalar və seçki blokları təşviqat apara, tərəfdarları ilə görüş keçirə, media və sosial şəbəkələrdə təşviqat materialları dərc edə, televiziya və radioda çıxış edə bilməzlər.
Bununla yanaşı, şəhərlərdə artıq yerləşdirilmiş seçki plakatları və bannerlərin sökülməsi tələb olunmur və onlar yerində qala bilər.
“Sükut günü”ndə seçki məntəqələrində də son hazırlıq işləri görüləcək. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə qutularını və zəruri texniki avadanlıqları quraşdıracaqlar. Ənənəvi olaraq seçki məntəqələrinin əhəmiyyətli hissəsi təhsil müəssisələrinin binalarında yerləşir.
Ekspertlərin və ictimai rəy sorğularının nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının əsas rəqiblərindən biri iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokudur. Bu bloka “Güclü Ermənistan”, “Yeni Era” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.
Parlamentə düşmək şansı olan digər siyasi qüvvələr arasında sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, iş adamı Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və keçmiş ombudsman Arman Tatoyanın “Birlik Qanadları” Partiyası da göstərilir.
Ümumilikdə seçkilərdə 18 siyasi qüvvə - 2 blok və 16 partiya iştirak edir.
Qanunvericiliyə görə, parlamentə düşmək üçün partiyalar ən azı 4 faiz səs toplamalıdır. İki siyasi qüvvədən ibarət bloklar üçün seçki baryeri 8 faiz, daha çox partiyanı birləşdirən bloklar üçün isə 10 faiz müəyyən edilib. Seçkilərdə iştirak həddi nəzərdə tutulmadığından, seçici fəallığından asılı olmayaraq səsvermə baş tutmuş hesab ediləcək.