Ermənistanda siyasi zəlzələ anonsu: Hakimiyyət-kilsə qarşıdurması küçələrə çıxır - ŞƏRH

Bütün ermənilərin katolikosu II Qaregin yanvarın 15-dək vəzifəsindən uzaqlaşdırılacaq”. Bunu erməni din adamı Armen Melkonyan yerli KİV-ə deyib.

O bildirib ki, hər şey qaydasında gedir: “ Baş nazir Nikol Paşinyan və yepiskoplar ayın 15-dək Ktriç Nersisyanın (II Qaregin) səhifəsinin bağlanacağına qərar veriblər. Bu, son mərhələdir”. Keşişin sözlərinə görə, II Qaregin katolikos taxtında olduğu müddətcə onu murdarlayır: “O, dövlət əleyhinə təbliğat aparmaq üçün kilsədən istifadə edir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanda seçkiöncəsi siyasi atmosfer getdikcə daha da kəskinləşir və bu fon üzərində kilsə ilə hakimiyyət arasındakı qarşıdurma açıq müstəviyə keçib. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın əsas hədəfi bütün ermənilərin katolikosu II Qaregini vəzifədən uzaqlaşdırmaqdır:

“Bunun üçün Paşinyan komandasının apardığı siyasətin ana xətti kilsə rəhbərliyinin ətrafında olan şəxslərə təzyiqləri artırmaq, onların fəaliyyət imkanlarını məhdudlaşdırmaq və ictimai rəydə nüfuzunu zəiflətməkdən ibarətdir. Hökumət həm II Qareginin şəxsi imicini zədələməyə, həm də kilsənin Ermənistan cəmiyyətində ənənəvi sosial institut kimi rolunu məhdudlaşdırmağa çalışır. Əslində bu günə qədər kilsənin ictimai nüfuzu xeyli zəifləyib və Paşinyan kilsə rəhbərliyini açıq şəkildə “beşinci kolon” kimi görür”. Baş nazir çalışır ki, yeni ildən etibarən kilsə ilə bağlı maneələri aradan qaldıraraq iyun ayına qədər planlaşdırdığı seçki kampaniyasını daha rahat və nəzarət olunan şəkildə həyata keçirsin. Paşinyan komandasına görə, kilsə faktoru ortadan qalxdıqda seçki prosesində ictimai müqavimət daha zəif olacaq. Lakin zənnimcə, II Qaregini proseslərdən tamamilə kənarlaşdırmaq heç də asan deyil. Katolikosun vəzifədən uzaqlaşdırılması cəmiyyətdə ciddi narazılıq dalğası yarada bilər. Ermənistanın konservativ təbəqələri, xüsusilə də kilsəyə bağlı geniş sosial qruplar belə bir addımı “siyasi təqib” və “dövlət-kilsə münasibətlərinə müdaxilə” kimi qiymətləndirə bilərlər. Bu isə etiraz aksiyalarına və ölkə daxilində gərginliyin daha da artmasına yol aça bilər. Paşinyan hökumətinin tərəddüd etdiyi əsas məqam da məhz budur”.

İ. Hüseynov qeyd edib ki, yaxın aylarda Paşinyan - kilsə qarşıdurması Ermənistanın daxili siyasi gündəminin əsas mövzularından biri olaraq qalacaq və bu ziddiyyət seçki prosesinə birbaşa təsir göstərə bilər: “Kilsə katalikosunun dəyişdirilməsi Paşinyanın elan etdiyi “Real Ermənistan” platformasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Əgər söhbət Ermənistanın müstəqil bir dövlət kimi formalaşmasından gedirsə, bu halda xarici təsirlərə son qoyulması zəruri sayılır. Mövcud şəraitdə isə ölkə daxilində siyasi qərarlara təsir etmək gücünə malik əsas risk amillərindən biri məhz kilsə institutudur.

Tarixi proseslər göstərir ki, kilsə uzun illər ərzində Ermənistanın siyasi həyatında birmənalı olmayan, bəzən isə açıq şəkildə mənfi rol oynayıb. O, müxtəlif radikal qrupların formalaşmasında iştirak edib, ultra-millətçi dairələrin, o cümlədən daşnaksütyun tipli təsisatların ideoloji və təşkilati dayaqlarından biri kimi çıxış edib. Bu kontekstdə katalikosun dəyişdirilməsi Ermənistanın daxili siyasi mühitini sabitləşdirmək və dövlət idarəçiliyində kilsənin təsirini məhdudlaşdırmaq istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilir”.