"Əvvəl yandıracağıq..." - Yunanıstanın sabiq Baş Qərargah rəisi Türkiyəni hədələdi

Yunanıstan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Konstantinos Floros Türkiyə ilə bağlı növbəti sərt açıqlamaları ilə yenidən gündəmə gəlib.

Sherg.az xəbər verir ki, Floros Yunanıstanın "Proto Thema" qəzetinə müsahibəsində Türkiyə-Yunanıstan münasibətləri, Egey dənizindəki gərginlik, Afinanın silahlanma proqramı və Türkiyənin F-35 proqramına mümkün qayıdışı barədə danışıb.

Ən çox diqqət çəkən məqam isə onun Türkiyəyə yönəlmiş hədələyici bəyanatları olub. Floros daha əvvəl də səsləndirdiyi "Yunan torpağına ayaq basanı əvvəl yandıracağıq, sonra kim olduğunu soruşacağıq" fikrini təkrarlayaraq bunun sadəcə sərt ritorika deyil, Yunanıstanın çəkindirmə siyasətinin əsas prinsipi olduğunu iddia edib.

Türkiyədə zaman-zaman səsləndirilən "Bir gecə qəfil gələ bilərik" ifadəsinə istinad edən sabiq general bildirib ki, buna ən təsirli cavab güclü çəkindirmə siyasətidir. Onun sözlərinə görə, bu yanaşma mümkün hərbi addımların qarşısını almağa xidmət edir.

Floros mümkün hərbi qarşıdurma ssenarisinə də toxunaraq iddia edib ki, Türkiyə Yunanıstanın müdafiəsində ən zəif nöqtəni hədəf ala bilər. O, belə bir vəziyyətdə Afinanın cavabının yalnız bir bölgə ilə məhdudlaşmamalı, qarşıdurmanın Türkiyə sərhədi boyunca bütün cəbhəyə yayılmalı olduğunu irəli sürüb.

Sabiq baş qərargah rəisi iki ölkə arasında gərginliyin aşağı səviyyədə saxlanmasının vacibliyini qeyd etsə də, bunun Yunanıstanın suverenlik məsələlərində güzəştə getməsi anlamına gəlmədiyini söyləyib.

Floros müsahibəsində Türkiyənin F-35 proqramına qayıtmaq ehtimalına da münasibət bildirərək, Yunanıstanın əsas prioritetinin Ankaranın addımlarını izləmək deyil, öz hərbi potensialını və çəkindirmə imkanlarını davamlı şəkildə gücləndirmək olduğunu vurğulayıb.

O, 2021-2034-cü illəri əhatə edən müdafiə proqramına "Rafale" qırıcıları, FDI sinif freqatlar, F-16 Viper modernləşdirməsi, Romeo helikopterləri, Spike raket sistemləri, yeni torpedolar və mövcud silah sistemlərinin yenilənməsinin daxil edildiyini bildirib.

Pilotsuz uçuş aparatlarının əhəmiyyətini qəbul edən Floros onların təkbaşına müharibənin taleyini həll edə bilməyəcəyini deyib. Onun fikrincə, güclü müdafiə sənayesi və peşəkar hərbi kadrlar Yunanıstanın təhlükəsizliyinin əsas dayaqları olaraq qalır.