Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan gələn həftə Rusiyaya işgüzar səfər edəcək.
Onun sözlərinə görə, Fidanın Moskvaya işgüzar səfəri 15-17 iyun tarixlərində baş tutacaq.
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar, həmçinin digər ikitərəfli təmaslar planlaşdırılıb", - Zaxarova qeyd edib.
Sözsüz ki, səfər çərçivəsində həm ikitərəfli, həm də regional məsələlər müzakirə olunacaq.
Əlbəttə, görüşün əsas müzakirə mövzularından biri Rusiya ilə Ukrayna arasında davam edən müharibə olacaq. Türkiyəli nazir, yəqin ki, növbəti dəfə Ankaranın vasitəçilik imkanını təklif edəcək, tərəflər arasında görüşə ev sahibliyi etməyə hazır olduqlarını bildirəcək. Eyni zamanda ABŞ və Avropanın savaşla bağlı nümayiş etdirdikləri ritorika barədə fikir mübadiləsi aparılması da mümkündür.
Həmçinin Cənubi Qafqazdakı son vəziyyət, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, habelə yekun sülh sazişi məsələsi də gündəlikdə olacaq. İyunun yeddisində Ermənistanda keçirilən keçirilən və baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə”partiyasının qalib gəlməsindən sonra regional dinamika barədə danışılacaq. Ermənistanda seçkilərin yekun nəticəsi iyunun 14-də bəlli olacaq. Fikrimcə, bir gün sonra Fidanın Rusiyaya getməsi və Lavrovla görüşmək istəməsi təsadüfi deyil. Belə ki, Paşinyanın qalib gəlməsi Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarına uyğun deyil. Hətta Moskvadan hansısa təxribat da gözlənilir. Bunu Ankara da başa düşür. Bu baxımdan fikrimcə, türkiyəli nazirin Rusiyaya səfəri çərçivəsində həm də regionda maraqların uzlaşdırılması barədə fikir mübadiləsi aparılacaq.
Bundan başqa, Yaxın Şərqdəki vəziyyət, o cümlədən ABŞ- İran münasibətləri, İsrail – İran gərginliyi də diqqətdən kənarda qalmayacaq.
Bütün bunlarla yanaşı, 3+3 formatının canlandırılması ilə bağlı da danışıqlar aparıla bilər.
Bütün hallarda düşünürəm ki, səfər həm tərəflər, həm region üçün məhsuldar olacaq.
Kənan Novruzov