- "İtirən Azərbaycan dövləti yox, məhz onun özü olacaq"
- "Azərbaycana böyük qonorarla Talebi yox, öz alimlərimizi dəvət edin!"
- "Azərbaycan itirmədi, Nassim Taleb itirdi"
Livan əsilli amerikalı yazıçı Nassim Nikolas Talebin Azərbaycana qarşı qərəzli mövqeyi beynəlxalq mətbuatda rezonans doğurub. Yazıçı mühazirə oxumaq üçün ölkəmizdən aldığı dəvəti rədd edib. O bu qərarını Ruben Vardanyanın həbsi ilə əlaqələndirib. Taleb sosial şəbəkə hesabında bu münasibəti belə ifadə edib:
“Məni Azərbaycana mühazirə oxumaq üçün dəvət etmişdilər, imtina etdim. Onlar etik prinsiplərimi anlamayaraq, təklif etdikləri məbləği artırdılar və bunun qərarımı dəyişəcəyini düşündülər. Ruben Vardanyan həbsdə olduğu müddətdə bu ölkəyə ayaq basmayacağam”.
Xatırladaq ki, R.Vardanyan müharibə cinayətləri və terrorçuluqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib. Ortada təkzibedilməz dəlillərlə sübut olunmuş konkret cinayət tərkibi var. Lakin xaricdəki bəzi “intellektuallar” cinayətkar fiqura vəkillik etmək üçün növbəyə durublar. Xalqımızın məşhur “sahibi çox olan eşşəyi qurd yeyər” məsəli sanki yazıcının qərəzli mövqeyini təsvir etmək üçün deyilib. Kənardan bu qədər çox “sahibi” olan, hərənin öz marağı üçün alətə çevirdiyi bir cinayətkarın həm mənəvi, həm də hüquqi sonu məğlubiyyətdir.
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Sherg.az-a sənət adamlarının və yazıçıların siyasətə qoşulmasının əleyhinə olduğunu bildirib:
“Onlar öz yaradıcılıq işləri ilə məşğul olmalıdırlar. Siyasətə baş vuran kimi özləri üçün bir problem yaradırlar. Amerikalı yazıçı Nassim Nikolas Taleb Livan əsillidir. Livanda erməni icmasının çoxluğunu nəzərə alsaq, onun ermənilərlə sıx təmaslarının olması qaçılmazdır. O, erməni qruplaşmalarının və onlara havadarlıq edən şəbəkələrin sifarişlərini yerinə yetirir. Taleb siyasətin aləti olmaqdansa, diqqətini öz yaradıcılığına və intellektual fəaliyyətinə yönəltməlidir. Onun başqa bir dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur. Belə olan halda, onun Azərbaycana dəvət olunub mühazirə oxuması hansı zərurətdən doğur? Nə üçün biz ona böyük qonorar ödəyib kürsü verməliyik? Hesab edirəm ki, Azərbaycanda intellektual potensialı, elmi araşdırmalarının dərinliyi ilə ondan qat-qat üstün olan mütəxəssislərimiz var. Bu missiyanı həmin insanlar çox daha uğurla yerinə yetirə bilərlər”.
Müsahib qurumları yerli kadrların əməyinə və potesialına üstünlük verməyə çağırıb:
“Biz nəyə görə hər sahədə istər idmanda, istərsə də digər peşələrdə həmişə xarici kadr xidmətinə üstünlük verməliyik? İndi də eşidirəm ki, bəzi qurumlara xarici mütəxəssislər gətirilib və onlara çox yüksək məbləğdə qonorar ödənilir. Sizi inandırıram ki, bu işlərin öhdəsindən layiqincə gələ biləcək kifayət qədər savadlı, intellektual gənclərimiz var. Yerli potensialımız durarkən nə üçün resurslarımızı başqalarına xərcləməliyik? Nassim Azərbaycanın daxili işlərinə qarışmaqla özünün imicinə zərbə vurdu. Azərbaycana gəlməkdən imtina etməklə o, gözəl bir ölkəyə səfər etmək şansını itirmiş oldu”.
Ç.Qənizadə onu da qeyd edib ki, siyasəti dərk etməyən birinin barəsində məhkəmə hökmü çıxarılmış cinayətkarı dostluq xətrinə müdafiə etməsi heç kimə başucalığı gətirməz:
“Yəni, cinayət törədən şəxs əməlinə görə mütləq cəzalandırılmalıdır. O, kiminsə dostu olsa belə, qanunun aliliyi hər cür şəxsi münasibətdən üstün durmalıdır. Görünür ki, Nassim öz şəxsi əlaqələrini hər şeydən uca tutaraq Azərbaycanın daxili işlərinə və məhkəmə sisteminə müdaxilə etməyə çalışır. O, “dostu” öz dili ilə desək “siyasi məhbus” adlandırdığı Ruben Vardanyanın həbsinə etiraz olaraq Azərbaycana gəlməkdən imtina edib. Gəlmir, heç gəlməsin! Yəni burada itirən Azərbaycan dövləti yox, məhz onun özü olacaq".