Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Frederik Vansina bildirib ki, Avropa 2030-cu ilə qədər ABŞ-nin dəstəyi olmadan müdafiəyə hazırlaşmalıdır.
Sherg.az xəbər verir ki, bu barədə o, "Le Soir" qəzetinə müsahibəsində danışıb.
Generalın sözlərinə görə, Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsinin 2030-cu ilə qədər başa çatacağını gözləyir və bu müddət ərzində qitə ABŞ-nin iştirakı olmadan Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmalıdır.
Vansina iddia edib ki, Avropa Ukrayna sayəsində əlavə vaxt qazanır:
“Ukrayna bizim üçün vaxt qazanır. Məhz buna görə onları bu qədər güclü dəstəkləyirik”.
Onun fikrincə, 2030-cu ilə qədər Avropa ölkələri Rusiyaya qarşı ABŞ olmadan belə qələbə qazanmağın mümkün olmadığını göstərməyə qadir olmalıdır. General həmçinin qeyd edib ki, 2035-ci ilə qədər hərbi xərclərin artırılması ilə strateji muxtariyyət əldə oluna bilər, lakin bunun üçün hələ çox iş görülməlidir.
“İnsanları qorxutmaq istəmirəm. Rusiyanın yaxın zamanda bizə hücum etmək niyyəti yoxdur. Amma özümüzü aldatmamalıyıq: biz Soyuq Müharibədən bəri ən qeyri-sabit, ən təhlükəli və ən qeyri-müəyyən dövrdən keçirik. Hamı silahlanır”, - Vansina bildirib.
General Avropa İttifaqını, xüsusilə də Belçikanı yaxın illərdə hərbi imkanlarını sürətlə artırmağa çağırıb. Onun sözlərinə görə, ABŞ-ın Avropadakı hərbi mövcudluğunun mərhələli şəkildə azaldılması planlı və idarə olunan şəkildə aparılmalıdır.
O əlavə edib ki, ABŞ tərəfindən çıxarılan hərbi resurslar dərhal Avropa alternativləri ilə əvəz olunmalıdır. Bununla belə, Vansina yeni komanda strukturlarının yaradılmasını deyil, NATO daxilində mövcud mexanizmlərdən istifadəni daha məqsədəuyğun hesab edir.