Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara və Azov dənizlərində mülki gəmilərə edilən hücumların Ukrayna münaqişəsinin yaratdığı ciddi təhlükələri nümayiş etdirdiyini bildirib.
Sherg.az xəbər verir ki, Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri ilə keçirdiyi görüşdən sonra danışan Fidan qeyd edib ki, Türkiyənin şimalında baş verən hadisələr birbaşa regionun təhlükəsizliyinə təsir göstərir. Onun sözlərinə görə, Ankara tərəflər arasında sülhün əldə olunmasını vacib sayır və diplomatik səylərini davam etdirir.
Türkiyəli nazir son hücumların münaqişənin ağır nəticələrə səbəb ola biləcəyinin acı nümunəsi olduğunu vurğulayıb.
Hakan Fidan həmçinin hücum nəticəsində həlak olan azərbaycanlı dənizçilərlə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.
Xatırladaq ki, Taqanroq körfəzində iki mülki yük gəmisinə hücum nəticəsində göyərtədə olan 25 Azərbaycan vətəndaşından 5-i həlak olub, bir neçə nəfər isə yaralanıb.