Heqset: ABŞ Ukraynanın müdafiə olunması üçün yol tapacaq

ABŞ Ukraynanın ərazisini bu və ya digər şəkildə müdafiə etməsinə kömək edəcək.

"Report"un məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset Sinqapura səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Biz onların (Ukraynanın - red.) özlərini müdafiə edə bilməsini istəyirik və biz onlara bunu etməyə kömək etmək üçün bir yol tapacağıq", - o deyib.

P.Heqset yeni tədarüklərlə bağlı heç bir vəd verməyib, lakin ABŞ-nin mümkün olduqda Kiyevə kömək etdiyini və həmçinin Avropa müttəfiqlərinin Ukraynanı dəstəkləməkdə əhəmiyyətli töhfəsini qeyd edib.

"Biz bütün növ vacib döyüş sursatların istehsalına yanaşmamızı dəyişirik ki, şirkətlərimiz sadəcə bir az daha çox yox, əhəmiyyətli dərəcədə daha çox təchiz etsinlər", - P.Heqset əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukrayna Silahlı Qüvvələri üçün hava hücumundan müdafiə sistemləri və raket çatışmazlığı ilə bağlı məktub yazıb.