İtaliyanın "L'Antidiplomatico" nəşri Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfərinin təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanlanan siyasi mesaj xarakteri daşıdığını yazıb.
Sherg.az xəbər verir ki, nəşrin məlumatına görə, səfər fonunda Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyi ilə bağlı müzakirələr daha da intensivləşib.
Məqalədə qeyd olunur ki, Kremlin son aylarda Avropa inteqrasiyasının mümkün nəticələri barədə verdiyi mesajlar Paşinyan hökumətinə ünvanlanmış siyasi siqnal kimi qəbul edilir. Bildirilir ki, Ermənistan rəhbərliyi son dövrlərdə Brüssel və Avropa liderləri ilə əlaqələrini fəallaşdırıb.
Müəlliflərin fikrincə, Ermənistanın strateji olaraq Avropa İttifaqına yaxınlaşması ölkənin Avrasiya məkanındakı mövqeyinin yenidən nəzərdən keçirilməsi ilə nəticələnə bilər.
Nəşr vurğulayır ki, bu kontekstdə Putinin Qazaxıstana səfəri daha geniş geosiyasi məna kəsb edir. Məqalədə qeyd olunur:
“Bəzi regional oyunçular Avropa institutları ilə yaxınlaşma imkanlarını dəyərləndirərkən, Moskva və Astana Avrasiya məkanında inteqrasiya mexanizmlərini gücləndirmək niyyətində olduqlarını nümayiş etdirirlər”.
Qeyd edək ki, Putin bu həftə Qazaxıstana rəsmi səfər edib və Prezident Kasım-Jomart Tokayev ilə görüş keçirib. Tərəflər danışıqların yekununda dostluq və mehriban qonşuluq prinsiplərinə dair birgə bəyannamə imzalayıblar.
Səfər çərçivəsində Putin həmçinin Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edib. O, mətbuat konfransında Ermənistanın gələcək seçimini müəyyənləşdirmək üçün Aİİ-də qalmaq və ya Avropa İttifaqına inteqrasiya məsələsi üzrə referendumun tezliklə keçirilməsinin vacibliyini vurğulayıb.
Rusiya lideri bildirib ki, Ermənistanın Avropa istiqamətində seçim etməsi halında Moskva İrəvanla inteqrasiya proseslərində əməkdaşlığı məhdudlaşdıra, həmçinin enerji daşıyıcıları üzrə mövcud güzəştləri yenidən nəzərdən keçirə bilər.