İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf ABŞ prezidenti Donald Trampın Tehranla aparılan danışıqların gedişi barədə səsləndirdiyi fikirləri yalan adlandırıb.
Sherg.az xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında yazıb.
“ABŞ prezidenti bir saat ərzində yeddi bəyanat verib və onların hamısı yalandır”, - deyə o qeyd edib.
Qalibaf dəqiqləşdirib ki, Hörmüz boğazı hələ də bağlı qalır, çünki ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmayıb.
“Boğazdan keçid müəyyən edilmiş marşrut üzrə və İranın icazəsi ilə həyata keçiriləcək”, - deyə Qalibaf vurğulayıb.
Parlament sədri izah edib ki, boğazın açılması və ya bağlanması, eləcə də oradan keçid qaydaları sosial şəbəkələrdə deyil, rəsmi səviyyədə qəbul olunur.
“Media müharibəsi və ictimai rəyə manipulyasiya müharibənin mühüm hissəsidir və İran xalqı bu cür hiylələrdən zərər görməyəcək”, - deyə o əlavə edib.
Qalibaf vurğulayıb ki, ABŞ bu yalanlarla müharibəni qazanmayıb və danışıqlarda da heç nəyə nail olmayacaq.
Dünən ABŞ prezidenti Donald Tramp bəyan edib ki, guya İran ABŞ-la aparılan danışıqlar çərçivəsində “hər şeylə razılaşıb”, lakin bununla bağlı heç bir təsdiq təqdim etməyib. Həmin gün o, həmçinin Hörmüz boğazı ilə bağlı vəziyyətin guya həll olunduğunu və onun tam açıldığını iddia edib.
İranın xarici işlər naziri Abbas Araqçi Livandakı atəşkəslə bağlı bildirib ki, atəşkəs müddətində bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi tam açıqdır. Bundan sonra Tramp Tehrana təşəkkür edib, lakin İran limanlarına tətbiq olunan blokadanın qüvvədə qaldığını və İranla razılaşma 100% həyata keçirilənədək davam edəcəyini deyib.
Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurasındakı mənbə bildirib ki, ABŞ limanlara qarşı blokadanı davam etdirəcəyi təqdirdə, Tehran boğazdan keçidi bağlayacaq. ABŞ prezidenti Donald Tramp isə sülh müqaviləsi imzalanana qədər blokadanı ləğv etməkdən imtina edib. Onun sözlərinə görə, bu yaxın zamanda baş verməlidir, çünki maddələrin əksəriyyəti artıq razılaşdırılıb.