Hərbi çağırışaqədər yaş həddində olan vətəndaşlar psixoloji müayinəyə cəlb olunacaq

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, çağırışaqədər yaş həddində olan vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunurlar.

Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə mütləq tibbi müayinədən keçirilirlər.

Çağırışaqədər yaş həddində olanlar və çağırışçılar bu tibbi müayinə nəticələrinə əsasən ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə diaqnozun dəqiqləşdirilməsi məqsədilə tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə, hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyinə görə isə dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər.