"Heydər Əliyev İli" - Şərəfli məsuliyyət...

Ölkəmizdən kənarda da müxtəlif simpoziumlar təşkil olunacaq
"Heydər Əliyev İli" çərçivəsində görülən işlər təkcə Azərbaycanla məhdudlaşmayacaq
  "Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq hər qurum, təşkilat "Heydər Əliyev İli" ilə bağlı kifayət qədər dolğun, mənalı və zəngin fəaliyyət istiqamətlərini müəyyənləşdirib". Bu barədə "Şərq"ə açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Baş redaktor bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində, dövlətçiliyimizdə oynadığı müstəsna rolu, onun bütün sahələrdəki böyük xidmətlərini davamlı və sistemli şəkildə gənc nəslə çatdırmaq, təbliğ etmək əsas vəzifəmizdir: "Bu, qarşımızda duran əsas hədəflərdən biridir. Şübhəsiz, 2023-cü il ərzində "Heydər Əliyev İli" çərçivəsində möhtəşəm tədbirlər, konfranslar təşkil olunacaq. Hər rayonda Yeni Azərbaycan Partiyasının xətti ilə böyük zirvə tədbirləri keçiriləcək. Ölkənin bütün strukturlarında, dövlət və qeyri-hökumət təşkilatlarında Heydər Əliyevin gördüyü işlərə yenidən nəzər salınacaq, əziz xatirəsi yad ediləcək. Ən əsası isə Ümummilli Liderin misilsiz xidmətləri yeni nəsillərin diqqətinə daha geniş miqyasda və ətraflı çatdırılacaq".
  V.Rəhimzadə vurğulayıb ki, "Heydər Əliyev İli" çərçivəsində görülən işlər təkcə Azərbaycanla məhdudlaşmayacaq: "Ölkəmizdən kənarda da Ulu Öndərlə bağlı çox müxtəlif simpoziumlar təşkil olunacaq. Heydər Əliyev kimi böyük və dahi bir şəxsiyyətə hər bir Azərbaycan vətəndaşının, ölkəmizi sevən hər kəsin bir vəfa borcu var. Xalq olaraq Ulu Öndərin xidmətlərini daim yad etməliyik. Əlbəttə, bu il xüsusi olaraq Heydər Əliyevin dövlətimiz və xalqımız üçün gördüyü işlər bir daha gündəmə gətiriləcək. Mətbuat olaraq biz də "Heydər Əliyev İli" çərçivəsində öz layihələrimizi reallaşdıracağıq. Çünki ölkə mətbuatının da üzərinə bu istiqamətdə böyük və şərəfli məsuliyyət düşür".