Oman körfəzində vəziyyət kəskin şəkildə gərginləşib. ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, İran bayrağı altında üzən “Touska” adlı iri yük gəmisi ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını yarmağa cəhd edib.
Sherg.az xəbər verir ki, hadisə aprelin 19-da baş verib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Spruance raket böyük döyüş gəmini saxlaması üçün xəbərdarlıq edib. Lakin gəmi heyəti bu çağırışa məhəl qoymayıb. Nəticədə ABŞ hərbi gəmisi müdaxilə edərək “Touska”nın mühərrik bölməsinə zərbə endirib və onu hərəkətsiz hala salıb.
Hazırda gəmi ABŞ dəniz piyadalarının nəzarətindədir. Məlumata görə, uzunluğu təxminən 274 metr olan “Touska” ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxildir və əvvəllər də qanunsuz fəaliyyətlərlə əlaqələndirilib.
Qeyd edək ki, ABŞ aprelin 13-dən etibarən Hörmüz boğazında dəniz blokadasına başlayıb. Vaşinqton İran limanlarına daxil olan və çıxan gəmilərin hərəkətini məhdudlaşdırdığını bildirir. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, bu müddət ərzində artıq 23 ticarət gəmisi saxlanılıb.
İran tərəfi isə cavab olaraq Hörmüz boğazını bağlaya biləcəyini bəyan edib və bölgəyə yaxınlaşmanı “düşmənlə əməkdaşlıq” kimi qiymətləndirəcəyini açıqlayıb.
Ekspertlər xəbərdarlıq edir ki, bu qarşıdurma qlobal enerji bazarına ciddi təsir göstərə bilər. Xatırladaq ki, dünyada neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əhəmiyyətli hissəsi məhz bu strateji boğazdan keçir.