İlham Əliyev Moskvada Paşinyana diplomatik dərs keçdi

Putin də Ermənistan baş nazirinin səsləndirdiyi fikirlərin yersiz olduğunu bildirdi

  Moskvada Ali Avrasiya İqtisadi İttifaqının Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın əsassız ittihamlarını cavabsız qoymayıb. Dövlət başçısı erməni baş nazirin bütün suçlamalarına tutarlı cavablar verib:

 "Ermənistanın baş naziri çıxışında ittihamlar səsləndirdi. Sizin də diqqət etdiyiniz kimi, mənim çıxışımda hər hansı ittihamlar irəli sürülmədi. Lakin mən bunu cavabsız qoya bilmərəm. Mən müzakirəni bir qədər başqa istiqamətə yönəltdiyimizi başa düşürəm. Lakin düşünürəm ki, bu, bir çoxlarına maraqlıdır. Azərbaycan heç bir dəhlizi bağlamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o açıqdır. Azərbaycanla Ermənistan sərhədində, hansı ki sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”. Dövlət başçısı diqqətə çatdırıb ki, bugünkü gün həmin o sərhəd-buraxılış məntəqəsindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinləri sərbəst şəkildə, maneəsiz Ermənistana gedə bilirlər. O cümlədən BQXK xətti ilə daşınan xəstələr, Xankəndi şəhərindən yola düşən təcili tibbi yardım maşınları da həmin yoldan maneəsiz keçib gedirlər: “Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil. Haqqında danışdığım Zəngəzur dəhlizinə gəlincə isə əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır, hansını ki, biz düzgün, legitim və ağlabatan hesab edirik, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi İttifaqının Şurasının iclasında Laçın yolunun "blokada"da olduğunu, Qarabağda "humanitar böhran" yarandığını iddia edib: "Azərbaycan həmçinin Qarabağa gedən qaz və elektrik enerjisini kəsib". 

  Millət vəkili Azər Badamov "Şərq"ə bildirib ki, Prezident İlham Əliyev Moskvaya səfəri çərçivəsində Avrasiya İqtisadi Birliyinin sammitinə qonaq qismində qatılmışdı. Deputatın sözlərinə görə, Sammitdə ölkə başçısına böyük hörmətlə yanaşıldı və danışmaq üçün söz verildi:

 "Prezident qonaq kimi iclasda iştirak edərək ölkəmizin bu birliyə üzv ölkələrlə, təbii ki, Ermənistan istisna olmaqla ikitərəflli şəkildə yüksək iqtisadi əməkdaşlıq etdiyini vurğuladı. Ölkə başçısı keçən il də bu ölkələrlə ticarət dövriyyəsində 35 faiz artım olduğunu qeyd etdi. Həm də ölkəmizin Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu bildirdi. Zəngəzur dəhlizinin açılmasının Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə əməkdaşlıqda yeni imkanlar yaradacağını ifadə etdi. Həm də dəniz və hava daşımalarında mövcud imkanlarımız və planlarımızı, gəmiqayırma zavodu və beynəlxalq tranzit imkanlarımız haqqında məlumatı iclas iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev Azərbaycana iqtisadi cəhətdən heç kimin dəstəyinə ehtiyacın olmadığını bildirərək xarici dövlət borcumuzun ÜDM-nin 9 faizdən aşağı olduğunu qeyd etdi. Valyuta ehtiyatlarımızın xarici dövlət borcumuzdan 10 dəfədən çox olduğunu bildirdi. Bu gün dünyada çox az ölkələr var ki, iqtisadiyyatın inkişafı  Azərbaycan qədər müsbət göstəricilərlə diqqəti cəlb etsin". 
  
Parlament üzvü əlavə edib ki, iclasda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan yersiz və məntiqsiz polemika açmaqla özünü yenə də gülünc vəziyyətə saldı: 

"Prezident İlham Əliyev iclasda qonaq qismində iştirak etdiyindən öz çıxışında neytral mövqe nümayiş etdirdiyi halda Paşinyan çox yersiz olaraq Laçın yolunun "bağlı" olması ilə bağlı məntiqsiz iddianı gündəmə gətirdi. Prezident İlham Əliyev Laçın yolunun bağlı olmadığını qeyd edərək "Zəngəzur dəhlizi" ifadəsindəki "dəhliz" sözünün beynəlxalq termin olduğunu vurğuladı. Bu sözün beynəlxalq marşrutlarla bağlı istifadə olunduğunu bildərərək Paşinyana diplomatik dərs keçdi. Sonda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan danışıqlarında ərazi bütövlüyünün tanınmasının rəsmən razılaşmasının əsas, fundamental prinsip olduğunu dedi. Digər məsələlərin ikinci dərəcəli olduğunu söylədi. Bununla Paşinyanın səsləndirdiyi məsələlərin yersiz olduğunu vurğulamış oldu. Prezident İlham Əliyevin Avrasiya İqtisadi Birliyinin sammitində qonaq qismində iştirak etməsi bu birliyə üzv ölkələr ilə çox yüksək münasibətlərimizin olmasından irəli gəlir".