İlham Əliyevlə Paşinyan arasında Çində görüşün keçirilməsi qətiyyən gözlənilməz deyildi - ŞƏRH

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.
Çində tərəflərin görüşünü "Sherg.az"a dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi artıq reallığa çevrilməyə başlayıb. Ekspert vurğulayıb ki, bütün proseslər tərəflər arasındakı sülh sazişinin imzalanmasına yönəlik inkişaf edir: 
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşlərdə normal ünsiyyət imkanları formalaşıb. İki lider bir-birini demək olar ki, yaxşı anlayır. Hər iki ölkəyə sülh lazımdır. Tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar səfərbər olunub. Sadəcə, Ermənistanda bəzi problemlər mövcuddur. Xüsusilə, Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarına dair müdəaların ləğvi qaçılmazdır. Bu problem həll edildikdən sonra Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması mümkün olacaq. Əslində, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri N.Paşinyan arasında Çində görüşün keçirilməsi qətiyyən gözlənilməz deyildi. Bütün beynəlxalq tədbirlərdə iki lider hansısa formada bir araya gəlir, mövcud problemlərin həlli istiqamətində müzakirələr  aparırlar. Eyni zamanda sonrakı mərhələdə atılacaq addımlarla bağlı hakim komandaya göstərişlər verilir. Çindəki görüş qısa olsa da, mühüm təmaslardandır". 
Analitik diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan lideri dünyanın harasında olsalar, görüşüb, müzakirələr aparmaq imkanlarına sahibdirlər: 
"Çin görüşü bunun bariz nümunəsidir. Xatırladım ki, avqustun əvvəlində liderlər Vaşinqtonda görüşmüşdü. ABŞ və Çin bir-birinə rəqib olsa da, Azərbaycan və Ermənistan arasında sülhün olması həm Vaşinqtona, həm də Pekinə sərfəlidir. ABŞ Zəngəzur dəhlizinə nəzarət funksiyasını icra edəcək. Çin isə dəhlizin əsas istifadəçilərindən biri olacaq. Asiya və Avropanı birləşdirəcək geostrateji marşrut Çinin maraqlarına tamamilə cavab verir. Hazırda Cənubi Qafqaz bütövlükdə iki qitə - Avropa və Asiya arasında etibarlı körpüyə, etibarlı ticarət qovşağına çevrilmək üzrədir. Bakı və İrəvan arasında yekun sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqaz regionu sülh və sabitlik dövrünə, yeni mərhələyə qədəm qoymuş olacaq. Çiçəklənən Cənubi Qafqaz modeli ortaya çıxacaq. Baş verənlər region ölkələrinin mənafeyinə tam uyğundur. İndiki situasiyada araqarışdıran, qərəzli, sadəcə öz geopolitik maraqlarını ön planda tutan Rusiya kimi dövlətlərin regiona müdaxiləsinin qarşısının alınması olduqca vacibdir".