İran aqressiyanı dayandırmasa, mövcudluğunu itirəcək - ŞƏRH

  • Asim Mollazadə: “ABŞ bir neçə zərbə ilə İranın bütün hərbi sistemini məhv edə bilər”

ABŞ və İran arasında davam edən danışıqlar yerini hərbi toqquşmalarla əvəz edib. İyulun 7-də İranın hərbi dəniz qüvvələrinin Hörmüzdən keçən 3 gəmiyə zərbə endirməsi, qarşı tərəfi hərəkətə keçirib. İyulun 8-nə keçən gecə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Cəbhədə gərginlik liderlərin açıqlamalarında da özünü göstərir. ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin sona çatdığını açıqlayıb. Onun sözlərinə görə, imzalanan memorandum qüvvəsini itirib. NATO-nun Baş katibi Mark Rütte isə ABŞ-nin İrana endirdiyi zərbələrə haqq qazandırıb. Hazırda regionun taleyi incə sapdan asılı vəziyyətdədir. 

Mövzu ilə bağlı politoloq Asim Mollazadə Sherg.az-a bildirib ki, İranın Orta Şərq ölkələrinə və orada yerləşən ABŞ hərbi bazalarına zərbələri bərpa edəcəyi təqdirdə, Vaşinqton əks hücum tədbirlərinə başlayacaq:

“Atəşkəs müddəti uzandıqca, ABŞ bölgədəki hərbi bazalarını əlavə silah-sursat və hərbi texnika ilə gücləndirdi. Məhz buna görə İran ehtiyatlı mövqe sərgiləməlidir. ABŞ bu səfər İranın hərbi arsenalının yerləşdiyi yeraltı tunelləri və uran yataqlarını tamamilə sıradan çıxara bilər. İranın müharibə aparmaq üçün hərbi gücü qalmayıb. Əli Xameneiə görə, səsləndirilən qisas çağırışları boş hədələrdən ibarətdir. İran aqressiv davranışlara və açıqlamalara son qoymalıdır. Əks halda, ABŞ onların mövcudluğuna son qoyacaq. Rejim, qisası və qüruru bir kənara atıb, İran xalqının taleyini düşünməlidir”.

Politoloq mümkün ABŞ-İran hərbi qarşıdurması fonunda NATO-nun mövqeyi və fəaliyyət imkanlarını dəyərləndirib:

“NATO-nun əsas hərbi gücü ABŞ-dır. Alyansa daxil olan ölkələr sadəcə regiondakı ABŞ bazalarının və dəniz yollarının təhlükəsizliyinin təmin olunmasına kömək edə bilər. NATO qərarları əsasən konsensusla qəbul edilir. Yəni, təşkilatın kollektiv şəkildə müharibəyə qoşulması üçün bütün müttəfiq ölkələrin siyasi razılığı tələb olunur. Lakin Amerikanın İranla yeni müharibə aparmaqda əlavə qüvvəyə və yardıma ehtiyacı yoxdur. ABŞ müttəfiqlərinin dəstəyi olmadan da bir neçə zərbə ilə İranın bütün hərbi sistemini məhv etmək potensialına sahibdir”.