“5 ölkənin İrana qarşı birləşməsi “antiiran koalisiyası”nın genişlənəcəyindən xəbər verir"
İran, ABŞ və İsrail arasında davam edən müharibə, nüvə obyektlərinin bombalanması ilə idarəolunmaz səviyyəyə çatıb. Ötən gün İrana hücumları gücləndirəcəklərini açıqlayan İsrail, İranın Yəzddəki uran filizi obyektini və Xonbadda yerləşən ağır su istehsalı zavodunu bombaladı. Beş ərəb ölkəsinin, İrana qarşı öz ərazilərindən istifadə edilməsinə imkan verdiyinə dair xəbərlərin yayılması isə müharibənin balansını dəyişdi. İran parlamentinin sədri Qalibafın, Körfəz ölkələrindən birinin ABŞ-yə kömək etdiyini açıqlaması, iddiaların əsassız olmadığını ortaya qoyur. Müharibəninin 28-ci günündə İran, Körfəz ölkələrinin mülki əhalisinə ABŞ qüvvələrinin yerləşdiyi əraziləri tərk etməyə çağırdı. Xəbərdarlıqdan sonra İran ordusu Səudiyyə Ərəbistanı ərazisinə raketlərlə, Küveytdəki Əl-Kəbir limanını isə dronla zərbələr endirdi. Müharibənin acı fəsadları bütün regionu qana boyayır. Diplomatik təmasların zəiflədiyi, hərbi ritorikanın isə gücləndiyi şəraitdə müharibənin hansı istiqamətdə davam edəcəyi sual altındadır.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Yaxın Şərqdə baş verənlər eskalasiyanın güclənməsindən xəbər verir:
“Gün keçdikcə regionda risklər çoxşaxəli xarakter almağa başlayır. Əslində, İranın mərhum ali rəhbəri Əli Xamnei müharibə başlamazdan əvvəl xəbərdarlıq etmişdi ki, ölkəsinə qarşı hər hansı hücum planı həyata keçirilərsə, regionda yerləşən bütün ABŞ bazaları hədəf alınacaq. Hətta Xamnei bu səfərki, toqquşmanın regional müharibəyə çevriləcəyini bəyan etmişdi. Görünən odur ki, onun sözləri ard-arda reallaşır. Ərəb ölkələrinin qəlbində İrana qarşı nifrət və qorxu hissləri baş qaldırıb. İran isə Körfəz ölkələrini, ABŞ hərbi bazalarına yer verdiyi üçün bombalanmaqla rəncidə edir”.
Politoloq, İranın genişmiqyaslı müharibəyə tam hazır olduğunu vurğulayıb:
“5 ölkənin İrana qarşı birləşməsi “antiiran koalisiyası”nın genişlənəcəyindən xəbər verir. İran bu ölkələrdən təhdid görəcəyi təqdirdə, onların strateji və hərbi obyektlərini, hava limanlarını və ABŞ-İsrail kəşfiyyat xidmətinin casus şəbəkələrini aşkarlayaraq bombayacaq. Bütün bunları reallaşdırmaq üçün İranın kifayət qədər raket və dron arsenalı var. ABŞ-nin quru əməliyyatlarına başlaması xəbəri, İranda 1 milyon ordunun silaha sarılmasına səbəb oldu. Avopa ölkələri isə proseslərə qarşı ehtiyyatlı mövqe sərgiləməkdədir”.
T.Abbasov vurğulayıb ki, proseslərə cəlb olunan canlı qüvvə və texnologiyanın mahiyyəti, Üçüncü Dünya müharibəsinin, Yaxın Şərqin qapılarını döydüyünü göstərir:
“Ərəb ölkələri məsələni dərindən təhlil edərək, düzgün və praqmatik qərar verməlidir. Çünki müharibə başa çatdıqdan sonra coğrafi məsafə amili ABŞ və İsrailin regiondan uzaq qalmasını şərtləndirəcək. Nəticə etibarilə, region ölkələri yenidən İranla qarşı-qarşıya qalacaqlar. Ərəb ölkələrinin ABŞ və İsrailin tərəfində mövqe tutması riskli seçimdir. Onlar gələcəkdə bu qərarın yaratdığı fəsadlara sinə gərməyi bacarmalıdır. Çünki İran açıq şəkildə bəyan edib ki, ərəb ölkələrinin ərazisindən ona qarşı istifadə olunacağı halda, adekvat və sərt cavab tədbirləri görüləcək. Son dövrlərdə İranın verdiyi açıqlamalara əməl etdiyinin şahidi oluruq”.