- “ABŞ-İran razılaşması müharibənin sonu deyil, təhlükəli keçid dövrüdür”
Yaxın Şərq qlobal siyasətin və beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalır. ABŞ, İran və İsrail arasında son aylarda yaşanan gərginlik regionda genişmiqyaslı müharibə riskini artırsa da, tərəflər arasında əldə olunan son anlaşma memorandumu vəziyyətin diplomatik məcraya yönəlməsinə imkan yaradıb.
Uzun müddət davam edən qarşıdurma və qarşılıqlı ittihamların fonunda imzalanan sənəd gərginliyin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir. Bununla belə, memorandumun regionda davamlı sabitlik və uzunmüddətli sülh üçün etibarlı zəmin yaradıb-yaratmayacağı hələ də beynəlxalq ictimaiyyəti düşündürən əsas məsələlərdən biri olaraq qalır.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a bildirib ki, Yaxın Şərqdə ABŞ-İran-İsrail gərginliyi 110 gün sonra Tehran və Vaşinqton arasında imzalanan razılaşma ilə dünya və qlobal iqtisadiyyatla birlikdə bazarları da rahatladıb:
"Tehran ilə Vaşinqton arasındakı bu razılaşma “müharibənin sona çatması deyil, sadəcə diplomatiyaya şans verən keçid dövrünə daxil olmuş proses”dir. Bununla yanaşı, 60 günlük danışıqların nəticəsi razılaşmanın tarixi sülh sazişinə çevriləcəyini, yoxsa yeni bir münaqişənin ön sözü olacağını müəyyən edəcək.
Razılaşmanın davamlı olması üçün bəzi şərtlərin həlli lazımdır. Sözügedən şərtlərdən biri İranın nüvə proqramı, uranın zənginləşdirilmə səviyyəsi və zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyi, MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarətləri ilə bağlıdır.
Bu mənada İran razılaşmadan sonra iqtisadi baxımdan rahatlamaq istəyir. Tehran ABŞ-dən sanksiyaların aradan qaldırılmasını tələb edir. Vaşinqton administrasiyası isə bunu İranın öhdəliklərinə buraxmaq istəyir.
Digər bir məsələ isə Hörmüz boğazının nəzarətidir. Razılaşmadan sonra İranın gələcək rolu və dəniz təhlükəsizliyi məsələsinin həll oluna bilməsi çətin görünür. Çünki hazırkı vəziyyətdə bu məsələ hələ tam həll olunmayıb.
Digər bir amil də İsrail faktorudur. İsrail rəhbərliyinin razılaşmaya məsafəli yanaşdığı və İranın güclənməsindən narahat olduğu məlumdur. Təl-Əviv davamlı razılaşmaya təsir göstərə biləcək amillərdən biridir.
Bütün bu böhranlar aradan qaldırıldığı zaman davamlı sülhün yolu açıla bilər".
Analitik müharibənin yenidən alovlanma ehtimalından da danışıb:
"Texniki olaraq müharibənin bitdiyini deyə bilərik. Amma hələ də münaqişə riski var. Nəticə etibarilə, razılaşma ilə birlikdə ABŞ və İran qarşılıqlı şəkildə hərbi əməliyyatları dayandırmağı qəbul etdi. Hörmüz boğazının yenidən açılması və ticarətin normallaşması hədəflər arasındadır. İmzalanan razılaşma ilə tərəflər bir-birlərinə qarşı yeni hücumlar başlatmamağı da öhdələrinə götürürlər. Lakin praktikada razılaşmanın tətbiqi də müəyyən şərtlərdən asılıdır. ABŞ-nin müdafiə naziri İran öhdəliklərini yerinə yetirməzsə, hərbi əməliyyatların yenidən başlaya biləcəyini açıqlayıb. Bu bəyanat müharibənin yenidən başlaya biləcəyini göstərir".
Ekspert vurğulayıb ki, razılaşmadan sonra diqqətlər Körfəz ölkələrinə yönələcək:
"ABŞ-nin müharibədə nüfuz itirməsi Körfəz ölkələrini narahat edir. Yəni Körfəz ölkələri üçün ABŞ yeganə təhlükəsizlik çətiri deyil. Razılaşmadan sonra Körfəz ölkələrinin yeni ittifaqlara yönələcəyi qətidir.
Nəticə etibarilə, imzalanan razılaşmanın ən aydın xülasəsi “Yeni bir Yaxın Şərq”in formalaşması deyil, müharibənin yerini “nəzarət olunan rəqabət”in almasıdır".