“İranın parçalanması yox, soydaşların hüquqları önəmlidir”
“Rza Pəhləvi İrana hakim gətirilə bilməz”
“Yeni dünya düzəni köhnə İran modelini istəklə qoruyur”
Son həftələrdə İranda baş verən kütləvi etirazlar və iğtişaşlar ölkədə mövcud olan sosial, iqtisadi və siyasi gərginliyin yeni dalğasını üzə çıxarıb. İran cəmiyyətində uzun müddət ərzində yığılmış narazılıqlar, xüsusilə iqtisadi vəziyyətin pisləşməsi, fundamental insan haqları problemləri və siyasi məhdudiyyətlər bu etirazların əsas səbəbləri kimi qeyd olunur.
Hazırda müşahidə olunan proseslər yalnız lokal nümayişlərdən ibarət deyil, ölkə miqyasında genişlənən sosial etiraz hərəkatına çevrilməkdədir. Analitiklər hesab edirlər ki, bu iğtişaşlar ölkədə mövcud molla rejiminin dayanıqlığını ciddi sınağa çəkir və gələcək siyasi mənzərənin formalaşmasına təsir göstərə bilər.
Bu kontekstdə, molla rejiminin devrilməsi və qərb dəstəyi ilə Rza Pəhləvinin yenidən hakimiyyətə qayıtması kimi ssenarilər də müzakirə olunur. Lakin ekspertlər bunun real ehtimalını məhdud hesab edirlər. Ölkənin daxilindəki güclü siyasi strukturlar, hərbi və təhlükəsizlik qüvvələrinin rolu, eləcə də beynəlxalq siyasətin mürəkkəb balansı bu prosesin sürətli və ya asan olmayacağını göstərir.
Eyni zamanda, İranda federalizasiya və ya parçalanma ilə bağlı iddialar da gündəmdədir. Güney Azərbaycan, Kürd və Bəluclar bölgələrinin özlərinə dövlət quracağı ehtimalları bəzi ekspertlər tərəfindən irəli sürülür. Bu, İranın etnik və regional müxtəlifliyini nəzərə aldıqda mümkün bir ssenari kimi təhlil olunur, lakin onun reallığa çevrilməsi bir çox daxili və xarici faktorlarla bağlıdır.
Bütün bunlar göstərir ki, İranda baş verən hadisələr yalnız daxili siyasi proseslər deyil, həm də region və dünya siyasətinə təsir göstərə biləcək strateji dəyişikliklərin başlanğıcı ola bilər.
Milli Məclisin deputatı Sahib Alıyev “Sherg.az”a açıqlamasında bildirib ki, İranda hazırda gedən proseslər bu ölkənin özü üçün də, region üçün də yaxşı heç nə vəd etmir. Deputat hesab edir ki, oradakı etirazların daha da alovlanmasını istəyən güclər də, onu yatırtmağa çalışanlar da öz məqsədlərinə çatmaq üçün azərbaycanlı, eləcə də Azərbaycan kartından faydalanmağa cəhd edirlər, edəcəklər:
“Azərbaycan dövləti təbii ki, onlara belə bir fürsət vermir və verməyəcək. Amma biz belə bir fürsət versək də, verməsək də, İranı bu vəziyyətə salanlar, böyük enerji ehtiyatları olmasa da, orada elektriki fasilələrlə verənlər, aydınlarının çoxluğuyla tanınan bir ölkəni sözün hər anlamında qaranlığa qərq edənlər adımızı istər-istəməz hallandıracaqlar, necə ki, ötən ilin yayında hallandırırdılar. Ancaq soydaşlarımızın əksəriyyəti bunun uydurma olduğunu yaxşı bilirdilər. İndi də bilirlər ki, biz İrandakı prosesləri ilk növbədə məhz onlara görə bu dərəcədə həssaslıqla izləyirik, yenə də başlarında çatlamasından narahatıq. Ümid edirəm ki, soydaşlarımız əvvəlki dərslərdən düzgün nəticə çıxarıblar və heç kimə imkan verməyəcəklər ki, onlardan öz məkrli niyyətləri üçün faydalansınlar.”
S. Alıyev qeyd edib ki, harada yaşayır-yaşasın, bütün azərbaycanlılar üçün aktual və önəmli olan İranın parçalanması yox, oradakı soydaşlarımıza – dövlətyaradan xalqa yanaşmada baş verən tarixi ədalətsizliyin aradan qaldırılması, onların tapdanan hüquqlarının bərpasıdır:
“Lidersizlik şəraitində küyə getmədən, ardıcıl, sistemli və şəbəkə şəklində buna çalışmaq və ilk növbədə də öz dilində təhsil almaq haqqına yiyələnmək lazımdır.”
Rza Pəhləvinin hakimiyyətə gətirilməsi ilə bağlı iddialara gəldikdə isə deputat bunun bir çox səbəblərdən mümkünsüz olduğunu bildirib: “Mən hətta Birləşmiş Ştatların belə onun İranda hakimiyyətə gətirmək niyyəti güddüyünü düşünmürəm. Ondan orada vəziyyətin gərginləşdirilməsində sadəcə təzyiq elementlərindən biri olaraq istifadə edildiyi düşüncəsindəyəm.
Bir sözlə, İrana basqınların arxasında məncə nə o ölkəni parçalamaq, nə də şahı orada hakimiyyətə gətirmək niyyəti durur. Yeni dünya düzəni formalaşdıranlara əvvəlki dünya düzəni formalaşdırılarkən necə İran vardısa, eləsi sərf edir. Yəni təqribən ötən əsrin əvvəllərindəkinə bənzər bir İran.”