İrandan Hakan Fidana bir gündə iki zəng: Türkiyə hərəkətə keçdi

“Türkiyə ABŞ-nin İrana hərbi müdaxiləsinin əleyhinədir, bu baxımdan Ankaranı anlamaq mümkündür”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, ABŞ-nin vaxtilə İraq və Suriyaya hərbi müdaxilələri Türkiyəyə ciddi problemlər yaratmışdı:

“Ona görə də Ankarada hesab edirlər ki, ABŞ-nin İrana mümkün müdaxiləsi də Türkiyəyə əlavə problemlər yaradacaq. Bu səbəbdən Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları intensivləşdirib.

Tehran da Ankaranın imkanlarından istifadə etməyə qərar verib. ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini elan etdikdən sonra Tehran Ankaraya müraciət edib. İran və Türkiyə xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan 24 saat ərzində iki dəfə telefonla danışıblar. Tehran Ankaranın Vaşinqtonu müdaxilə ssenarisindən imtina etməsinə inandırmasını istəyir. Hakan Fidan Abbas Əraqçi ilə danışıqlardan sonra ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tomas Barakla görüşüb.

Tomas Barak səfir olmaqla yanaşı, Donald Trampın yaxın dostudur və onun prezidentlə birbaşa təmas imkanı var. Barak Ankaranın istəyini Trampa çatdıracaq. Ancaq ABŞ Prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq. Türkiyə İranda təlatümlərin səngiməsini və onun ərazi bütövlüyünü dəstəkləsə də, qardaş ölkədə İrandakı rejimin illər boyu PKK-nı dəstəkləməsini də unutmayıblar”.