İranın hədəfi dəyişdi: Tehran indi diqqətini Azərbaycandan Ermənistana yönəldir - ANALİZ

  • İran müharibədən sonra regionun taleyini idarə etmək iddiasına düşüb

İran İslam Respublikasının TRIPP marşrutuna görə hədə və təhdid dilini Ermənistanın üzərinə istiqamətləndirməsi regional perspektiv üçün fərqli impulslardır. 

İran bu motivasiyanı ABŞ-İsrail müttəfiqliyi ilə müharibənin nəticələrindən alaraq geosiyasi tənlikləri öz xeyrinə dəyişdirmək istəyir. Sherg.az xəbər verir ki, bu sözləri siyasi təhlilçi Aqşin Kərimov deyib.  

A. Kərimovun fikrincə, İran ABŞ və İsraillə müharibədən qalib çıxdığını və bunun Tehrana regionun taleyini idarə etmək üçün yaxşı imkanlar verdiyini hesab edir:

“Ancaq İranın indi Azərbaycan deyil, müttəfiq hesab etdiyi Ermənistanın üzərinə getməsi maraqlı tendensiyadır. Bu, çoxdan dediyimiz bir fikrin tədrici reallaşmasıdır: Bakı ilə Tehran İrəvanı qazanmaq uğrunda mübarizə aparır. Proses Azərbaycan Respublikasının geosiyasi bölgüdəki mənfəətini artırması ilə bağlıdır və indi Tehran hədəf trayektoriyasını İrəvana doğru strukturlaşdırır. 

Bunu üç səbəblə əlaqələndirmək mümkündür. Birincisi, Azərbaycan Ermənistanın xarici siyasətini müəyyən edən həm açıq, həm də pərdəarxası oyunçudur. Bu, Ermənistandakı daxili siyasi qüvvələr nisbətinə də Bakının xeyrinə təsir göstərir.

Digəri Ermənistanın Rusiyadan tədricən ayrılması və Avroatlantik kurs götürməsi Azərbaycan üçün yaxşı imkandır. Azərbaycan üçün Ermənistanın iqtisadi-ticari, nəqliyyat və infrastruktur sektorlarına əlverişli çıxış fürsətləri üfüqdə görünür. Azərbaycanla Ermənistan arasında son zamanlar baş tutan bəzi xoşməramlı iqtisadi əməliyyatlar bunu təsdiq edir. 

Bu, Azərbaycanın Rusiya və İran kimi oyunçuların Ermənistandakı nüfuz sərhədlərinin içərilərinə daxil olması anını əks etdirir. TRIPP marşrutu isə bu əməliyyatların modelini və nəticələrini asanlaşdıra biləcək potensiala çevrilir.

Üçüncüsü isə Nikol Paşinyanın seçkilərdə qələbəsi və siyasi mövqeyinin daha da möhkəmlənməsi Azərbaycanla sülh gündəliyinin irəliyə aparılmasını sürətləndirməsidir. Bundan əlavə, Ermənistan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, Azərbaycanın ABŞ, Böyük Britaniya və Çin ilə əməkdaşlığının özü üçün mümkün faydalarına baxır”.

Siyasi şərhçi hesab edir ki, bu cür inkişaf dinamikası regionda Rusiya və İran üçün mürəkkəb situasiya deməkdir: “Ancaq Rusiya ilə İranın TRIPP marşrutu ilə əlaqədar mövqeləri üst-üstə düşmür. Bunu bir neçə dəfə İranın hərbi-siyasi elitası açıq mətnlə gündəmə gətirib.

Bununla paralel olaraq İran regionda daha güclü rəqiblərlə qarşıdurmasını idarə etmək üçün anti-Ermənistan strategiyasını hazırlayıb. Yəqin ki, bu, ən zəif olanın, yəni Ermənistanın üzərinə getməyin məcburi vasitə kimi nəzərə alınmasına söykənir.

Zənnimcə, İranın hansı strategiya izlədiyi və onu necə kodlaşdırdığı ciddi şəkildə izlənilməli və təhlil edilməlidir. 

İranın mövqeyi Cənubi Qafqazda geosiyasi qarşıdurmalara son qoymaq əvəzinə, onu yeni bir mərhələyə keçirə bilər. Ancaq uzunmüddətli perspektivdə Tehranın Azərbaycanla əməkdaşlığın müsbət nəticələrinə köklənəcəyi qaçılmazdır.

Çünki Azərbaycan Respublikasının nail olduğu əsas bir rıçaq var: Cənubi Qafqazdakı prosesləri öz şərtləri ilə prioritetləşdirmək. Bununla da Azərbaycan bölgədəki təsir dairəsində öz səlahiyyətlərini və imtiyazlarını qoruyub-saxlaya, hətta onları daha da irəliyə doğru apara bilər”.