"Amma bizim istəyimizdən asılı olmayaraq İranda çox ciddi proseslər getməkdədir və proseslərin soydaşlarımıza da təsir göstərdiyi, göstərəcəyi şübhəsizdir”
“ABŞ-nin bütün planlarını daxili birliyi və həmrəyliyi pozmağa və fikir ayrılıqlarını qızışdırmağa yönəldib”. Bunu İran Prezidenti Məsud Pezeşkian deyib. İran prezidenti qeyd edib ki, Onun sözlərinə görə, təhdidlər, bombardmanlar və hərbi təzyiqlərlə İranı geri addım atmağa məcbur etmək mümkün deyil.
Mövzunu şərh edən politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, hazırkı mərhələdə İranın parçalanması və ya bölünməsi real siyasi ssenari kimi görünmür. Onun sözlərinə görə, İrana təzyiq göstərən və ya proseslərə müdaxilə edən qüvvələrin ən azı indiki mərhələdə belə bir planı müşahidə edilmir:
“İrana qarşı həyata keçirilən siyasi və hərbi təzyiqlərin əsas məqsədi ölkədəki teokratik idarəetmə modelinin dəyişdirilməsinə nail olmaqdır. Müharibə dövründə hakim elitanın hədəfə alınması və müəyyən fiqurların sıradan çıxarılması cəhdləri də bu strategiyanın tərkib hissəsi idi. Əslində İrana münasibətdə ABŞ-nin öz baxışı, İsrailin öz baxışı var. Hazırda İranın bölünməsi ilə bağlı açıq siyasi xətt görünməsə də, müəyyən mərhələlərdə etnik və milli zəmində qarşıdurmaların təşviq olunması ehtimalı tam istisna edilmir”.
İranın çoxmillətli dövlət olduğunu xatırladan politoloq bildirib ki, orada yaşayan xalqların böyük əksəriyyətinin uzun illərdi sosial, siyasi və mədəni hüquqları məhdudlaşdırılır. Bu baxımdan ölkədə hüquq və milli azadlıq tələbləri ilə bağlı etirazların olması təəccüblü deyil:
“Sözsüz ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız da öz hüquq və azadlıqlarının təmin olunmasını istəyirlər. İlin əvvəlində baş verən etiraz aksiyalarında onlar öz mövqeyini ortaya qoydu. Lakin soydaşlarımız xarici güclərin geosiyasi planlarında alətə çevrilmək istəmirlər və bu məsələyə daha çox milli maraqlar prizmasından yanaşırlar. Həmçinin Azərbaycanda da İrandakı proseslər diqqətlə izlənilir və soydaşlarımızın taleyi bizim üçün həssas məsələdir. Həm dövlətimiz, həm də xalqımız hər zaman proseslərin dinc yolu ilə inkişaf etməsinin tərəfdarıyıq. Amma bizim istəyimizdən asılı olmayaraq İranda çox ciddi proseslər getməkdədir və proseslərin soydaşlarımıza da təsir göstərdiyi, göstərəcəyi şübhəsizdir”.