İranın "qırmızı xətti" darmadağın olur: TRIPP Tehranın planlarını pozur - ŞƏRH

  • "Azərbaycan-Naxçıvan yolunun qarşısını kəsmək mümkün olmayacaq”

İran rəsmilərinin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan TRIPP layihəsi ilə bağlı sərt bəyanatları Tehranın Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığa münasibətini bir daha ortaya qoyub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Rəhim Səfəvi bildirib ki, Ermənistanla layihə üzrə heç bir ilkin razılaşma əldə olunmayıb və Tehran öz "qırmızı xətlərini" İrəvana açıq şəkildə çatdırıb.

Səfəvinin sözlərinə görə, İran layihənin hazırkı formatını milli təhlükəsizliyi üçün risk hesab edir. O, xüsusilə ABŞ-nin Cənubi Qafqazda mümkün iştirakına etiraz edərək bildirib ki, əgər marşrutun təhlükəsizliyi Amerika hərbçilərinə həvalə olunarsa, Tehran buna cavab vermək hüququnu özündə saxlayır. SEPAH rəsmisi, həmçinin İran-Ermənistan sərhədinə və həmin ərazidən keçən marşrutlara nəzarətin Ermənistan sərhədçiləri tərəfindən həyata keçirilməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb.

Bundan əlavə, İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti də Sünik (Zəngəzur) bölgəsindən keçəcək nəqliyyat marşrutu ilə bağlı sərt bəyanat səsləndirib, "bu dəhliz Trampın muzdluları üçün qəbiristanlığa çevriləcək" ifadəsini işlədib. Bu açıqlamalar Tehranın layihəyə münasibətinin təkcə diplomatik etirazla məhdudlaşmadığını, onu milli təhlükəsizlik məsələsi kimi qiymətləndirdiyini göstərir.

Bəs İranı narahat edən nədir? Tehran həqiqətən də nəqliyyat dəhlizinin açılmasına qarşıdır, yoxsa etirazın arxasında daha geniş geosiyasi hesablamalar dayanır? 

TRIPP layihəsi ətrafında İranın sərtləşən ritorikasını Sherg.az-a dəyərləndirən Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndiyev bildirib ki, SEPAH generalı Rəhim Səfəvinin TRIPP layihəsinin hazırkı formatını İran üçün təhlükə adlandırması və ABŞ hərbçilərinin marşrutun təhlükəsizliyinə cəlb olunacağı halda Tehranın cavab tədbirləri görəcəyini bildirməsi narahatlıq doğuran açıqlamadır. 

Bununla belə, politoloq hesab edir ki, İranın bu məsələdəki mövqeyini qiymətləndirərkən Tehranın hazırkı geosiyasi və iqtisadi vəziyyətini də nəzərə almaq lazımdır:

“İran müharibə şəraitinin yaratdığı ağır böhran içərisindədir və bu böhranın ölkənin regional təsir imkanlarını daha da məhdudlaşdıracağı artıq açıq görünür. Buna görə də İranın TRIPP-ə qarşı sərt ritorikası real imkanlarından daha çox ayaqda olduğunu nümayiş etdirmək cəhdi təsiri bağışlayır. Əslində İranın “qırmızı xətt” adlandırdığı Zəngəzur koridoru yeni məsələ deyil, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyanın açılması öhdəliyi hələ 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında razılaşdırılmışdır. Bu sənəd bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutur. Tehran o gündən bu günə qədər Zəngəzur koridorunun açılmasına dəfələrlə etiraz etmişdi, lakin onun etirazları razılaşmanın özünü aradan qaldırmadı,əksinə 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə əldə olunan razılaşma isə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Ermənistan ərazisindən maneəsiz bağlantının yaradılmasını bir daha gündəmə gətirdi və TRIPP layihəsinin hazırlanmasını nəzərdə tutdu. Bu baxımdan İranın məsələni yalnız “ABŞ-ın Cənubi Qafqaza müdaxiləsi” kimi təqdim etməsi müəyyən mənada görüntü xarakteri daşıyır, çünki söhbətin əsasında ilk növbədə Azərbaycanla Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılması dayanır. İranın ABŞ-ın bölgədə iştirakından narahat olması başadüşüləndir, lakin bu narahatlıq qonşu dövlətlərin suveren qərarlarına və regional nəqliyyat layihələrinə veto qoymaq hüququ vermir. Üstəlik, TRIPP Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihədir və 2025-ci il razılaşmasında kommunikasiyaların açılması dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında təsbit olunub”.

V. Əfəndiyevin fikrincə, İranın Azərbaycanın Naxçıvanla quru əlaqəsinin bərpasına davamlı şəkildə mane olmağa çalışması artıq sadəcə təhlükəsizlik narahatlığı deyil, Azərbaycanla münasibətlər baxımından pis qonşuluq siyasəti kimi qiymətləndirilməlidir: “Azərbaycanın öz ərazisinin bir hissəsi ilə Naxçıvan arasında kommunikasiyanın yaradılması heç bir halda İranın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaratmır. İran üçün daha düzgün yol etiraz və təhdid dili əvəzinə bu yeni nəqliyyat sistemindən iqtisadi fayda götürməyin yollarını axtarmaq olardı. TRIPP-in hansı adla adlandırılmasından asılı olmayaraq, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan–Naxçıvan bağlantısının təmin edilməsi istiqamətində prosesin qarşısını almaq getdikcə daha çətin olacaq. Buna görə Tehran üçün ən rasional seçim layihəyə qarşı çıxmaq deyil, onun təhlükəsizlik mexanizmləri barədə danışıqlara qoşulmaq və öz maraqlarını konstruktiv şəkildə qorumaqdır. Mən hesab edirəm ki, İranın bugünkü sərt bəyanatları layihənin qarşısını almaqdan çox, Tehranın regionda əvvəlki təsir imkanlarının zəiflədiyini və yeni geosiyasi reallıqla barışmaqda çətinlik çəkdiyini göstərir”.