İrəvan Bakının şərtlərini qəbul etməlidir
Əvvəlcə sülh sazişi imzalanmalıdır, daha sonra kommunikasiyaların açılması reallaşa bilər
Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması məsələsində razılığa gəliblər, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Spiker bildirib ki, ümumi məsələlərdə qarşılıqlı anlaşma var, mövcud problemlər texniki xarakterlidir, yəni hansı yükün hansı marşrutdan keçməsi ilə bağlıdır: "Biz bütün yolların açılmasının tərəfdarıyıq". Simonyan Türkiyə ilə məsələlərin həlli üçün də unikal tarixi fürsət olduğunu söyləyib: "İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır".
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın nəqliyyat-kommunikasiya xətlərinin açılmasına can atması tamamilə başadüşüləndir. Analitikin fikrincə, məhz bu halda, rəsmi İrəvan Ermənistanı blokada vəziyyətindən çıxararaq, iqtisadi-ticari münasibətləri inkişaf etdirmək şansı qazana bilər: "Yəni Paşinyan hakimiyyəti Ermənistanı sosial-iqtisadi böhrandan xilas etməyə çalışır. Əks halda, yeni savaş olmadan belə, Ermənistan dövlətçiliyi geopolitik məkandan yoxa çıxa bilər. Ona görə də Paşinyan hakimiyyətinin bütün təmsilçiləri hər imkanda regional kommunikasiya xətlərinin açılmasına hazır olduqlarını vurğulayırlar. Ancaq bu məsələnin həlli onların dedikləri kimi asan da deyil.
Çünki regional kommunikasiya xətlərinin açılması üçün onu əngəlləyən əsas faktorların da aradan qaldırılması vacibdir. Məsələn, Alen Simonyan bu məsələnin razılaşdırıldığını, texniki problemlərin qaldığını iddia etsə də, rəsmi Bakının açıqlamasında ziddiyyətlərin olduğu sezilir. Hər halda həmin açıqlamada üçtərəfli anlaşmalara əsasən, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edəcəyi barədə razılaşmaya eyham vurulmuşdu. Ancaq rəsmi İrəvan bunu dərhal təkzib etməyə çalışdı. Deməli, erməni spikerin iddiasının əksinə olaraq, kifayət qədər ciddi problemlər hələ mövcuddur. Digər tərəfdən, regional kommunikasiyaların Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanmadan açılacağı qətiyyən inandırıcı deyil. Deməli, rəsmi İrəvan ilk növbədə Azərbaycanın şərtləri və beynəlxalq hüquq normalarına uyğun şəkildə yekun sülh sazişinin imzalanması barədə düşünməlidir. Hər halda müharibə şəraitində olan iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması absurd geopolitik addım olardı".
Ekspertin qənaətincə, rəsmi İrəvanın regional kommunikasiya xətlərinin açılması ilə bağlı nikbinliyi bir qədər müəmmalı xarakter daşıyır: "Ola bilsin ki, ABŞ və Qərbin yekun sülh sazişinin imzalanması ilə bağlı qətiyyətli mövqeyi Paşinyan hakimiyyətinə müəyyən ümidlər verməyə başlayıb. Yəni Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanmasından sonra Rusiyanın dəstəklədiyi erməni revanşistlər tərəfindən devrilməyəcəyinə artıq təminat almış da ola bilər. Ona görə də yaxın vaxtlarda əvvəlcə yekun sülh sazişinin imzalanmasına hazırlaşır. Ardınca da regional kommunikasiya xətlərinin açıla biləcəyinə ümid bəsləyir. Əgər belədirsə, onda rəsmi İrəvanın nikbinliyi müəyyən müsbət anlam qazanmış olacaq. Əks halda, rəsmi Bakı yekun sülh sazişi imzalanmadan regional kommunikasiya xətlərini açaraq, Ermənistanın "nəfəslik" qazanmasına qətiyyən imkan verməz".