Zəngilandan verilən mesajlar: Yeni reallıqların memarı Azərbaycandır - TƏHLİL

Bu çıxış Azərbaycanı nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiya məkanının yeni, həlledici və sülhün qarantı olan strateji sütunu kimi təsdiqləyir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.

Prezidentin Zəngilan sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb, lakin qürurverici yolun siyasi və tarixi mənzərəsini bir daha ortaya qoyur. Dövlət başçısının çıxışı yalnız Zəngilanın bərpası və bölgədə həyata keçirilən quruculuq layihələri ilə məhdudlaşmır, bütövlükdə Azərbaycan dövlətinin keçdiyi yolun, xalqımızın üzləşdiyi ağır sınaqların, əldə etdiyimiz tarixi qələbənin və qarşıda duran strateji hədəflərin dərin təhlili kimi mühüm əhəmiyyət daşıyır.

Bu çıxış həm işğal dövrünün yaratdığı reallıqların qiymətləndirilməsi, həm 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin beynəlxalq-siyasi nəticələri, həm də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri fonunda Azərbaycanın regional və qlobal mövqeyinin möhkəmlənməsini əks etdirir.

Eyni zamanda çıxışda Minsk Qrupunun fəaliyyətsizliyi, Ermənistanın xarici təsirlər altında formalaşan siyasi davranışı, regionda yeni geosiyasi balansın yaranması, Azərbaycanın sülh təşəbbüsləri və postmünaqişə mərhələsində quruculuq modeli kimi mühüm istiqamətlər bir-biri ilə bağlı şəkildə təqdim olunur. Bu yanaşma Azərbaycanın yalnız münaqişəni həll edən deyil, həm də yeni regional nizamı formalaşdıran əsas güc mərkəzinə çevrildiyini göstərir.

Bir sözlə, Zəngilandan verilən mesajlar həm tarixi ədalətin bərpasını, həm də gələcəyə yönəlmiş strateji inkişaf xəttini özündə birləşdirən kompleks dövlət siyasətinin siyasi manifesti kimi çıxış edir.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı etdiyi çıxış, Azərbaycanın son iki əsrlik tarixinin ən mühüm siyasi-fəlsəfi yekunu və gələcəyə baxış manifestidir. Onun sözlərinə görə, dövlət başçısının Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttini 44 günlük Vətən müharibəsinin Zəfəri və Böyük Qayıdış strategiyası ilə vahid zəncirdə birləşdirməsi, sadəcə bir xronoloji ardıcıllıq deyil, milli inkişafın "genetik kodunun" təqdimatıdır:

"Bu çıxış sübut edir ki, bugünkü qüdrətli Azərbaycan təsadüflərin deyil, onilliklər boyu hesablanmış, sistemli şəkildə həyata keçirilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəsinə çatmış strateji zəkanın məhsuludur.

Zəngilandan verilən mesajlar Azərbaycanın regionun geosiyasi reallıqlarını formalaşdıran mütləq güc mərkəzi kimi rolunu üç təməl əsasla ortaya qoyur:

Birincisi, bu çıxış beynəlxalq münasibətlər sistemindəki "status-kvo" anlayışını kökündən dəyişdi. Prezident İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan artıq ona diqtə edilən şərtlərlə barışan tərəf deyil, öz hüququnu və ədaləti təkbaşına bərpa edən, beynəlxalq hüququn işləmədiyi yerdə onu öz gücü ilə icra edən subyektdir. Bu, Cənubi Qafqazda hər hansı bir layihənin və ya siyasi konfiqurasiyanın Bakının razılığı olmadan baş tutmasının qeyri-mümkünlüyünü bütün dünyaya bəyan edən sarsılmaz bir iradədir".

Politoloq qeyd edib ki, Böyük Qayıdış strategiyasının Zəngilan və Cəbrayıl timsalında təqdim olunan sürəti və keyfiyyəti Azərbaycanın iqtisadi müstəqilliyinin və texnoloji modernləşməsinin təntənəsidir: "Dövlət başçısı bu torpaqlarda həyata keçirilən layihələrlə mesaj verir ki, biz təkcə ərazilərimizi azad etməmişik, həm də bu coğrafiyanı qlobal iqtisadiyyatın ən müasir və rəqabətədavamlı habına çeviririk. Bu, Azərbaycanın regional liderliyini iqtisadi və sosial rifah modeli ilə daha da möhkəmləndirən mühüm amildir.

Nəhayət, Prezidentin bu mesajları tarixi ədalətin bərpası ilə gələcəyin qurulması arasında bir körpüdür. Ulu Öndərin müəyyən etdiyi "güclü dövlət" konsepsiyasının Zəngilanın dirçəlişi ilə tamamlanması, Azərbaycanın milli ruhunun və dövlətçilik ənənəsinin sarsılmazlığını göstərir. Bu çıxış Azərbaycanı nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiya məkanının yeni, həlledici və sülhün qarantı olan strateji sütunu kimi təsdiqləyir. Prezident İlham Əliyev Zəngilandan bütün dünyaya bəyan etdi ki, yeni reallıqların memarı Azərbaycandır və bu reallıqlar regionun sülh, inkişaf və əbədi tərəqqi dövrünün əsasını qoyur".