İrəvan Rusiyanın iqtisadi təzyiqi ilə üz-üzədir - ŞƏRH

Ermənistan məhsullarının Avropa bazarına çıxışı üçün ciddi struktur dəyişiklikləri lazımdır

Avropa Komissiyası Ermənistana Rusiyanın tətbiq etdiyi idxal məhdudiyyətlərinin nəticələrini aradan qaldırmaq üçün təcili ticarət tədbirləri hazırlayır. Bu addım Ermənistan ixracını qorumaq və Avropa İttifaqının (Aİ) regiondakı mövqeyini gücləndirmək məqsədi daşıyır.

 “Financial Times”ın məlumatına görə, Aİ tərəfindən başladılan “Muxtar Ticarət Tədbirləri” (MTT) təxminən 420 milyon avro dəyərində bazarı hədəf alan Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarının azaldılmasını nəzərdə tutur.

Aİ qətiyyətli olduğunu göstərməyə çalışsa da, proses çətinliklərdən azad deyil. İrəvan Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyib ki, siyasi əhəmiyyətinə baxmayaraq, MTT yalnız müvəqqəti həll yolu ola bilər: “Bu, Rusiyanın dominantlığını neytrallaşdırmaq üçün kifayət deyil, ona görə də bu, daha çox müvəqqəti bir xilas yoludur”.

Logistika (quruya çıxışı olmayan Ermənistandan Gürcüstan və ya Türkiyə vasitəsilə malların daşınması) və bəzi Avropa istehsalçılarının (məsələn, Fransa brendi istehsalçılarının) maraqlarının balanslaşdırılması ilə bağlı da çətinliklər mövcuddur. Amma Aİ öz fəaliyyətini gücləndirir. Aİ xarici işlər nazirləri artıq bu məsələni Ermənistan diplomatları ilə müzakirə ediblər. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos iyulun əvvəlində İrəvana səfər edəcək. Avropa Komissiyasının sözçüsü Olof Gil qeyd edib ki, qurum Ermənistan biznesinin yeni Aİ bazarlarına çıxışına kömək etmək üçün ticarət tədbirləri təklif edəcək.

Politoloq Zeynal Əmralıyev Sherg.az-a bildirib ki, Ermənistanın son dövrlərdə Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Moskvanın sərt reaksiyası ilə qarşılanıb və Rusiya bu narahatlığını əsasən iqtisadi təzyiq vasitələri ilə nümayiş etdirir. Onun sözlərinə görə, Ermənistan kənd təsərrüfatı məhsullarının böyük hissəsini uzun illər Rusiya bazarına ixrac etdiyindən, Moskvanın tətbiq etdiyi məhdudiyyətlər ölkə iqtisadiyyatı üçün ciddi risklər yaradıb:

“Xüsusilə kənd təsərrüfatı sektorunda yaranan vəziyyət Ermənistanı alternativ bazarlar axtarmağa məcbur edir. Rusiya bazarının bağlanması Ermənistan üçün ciddi iqtisadi çətinliklər yaradır. İrəvanın əsas gözləntisi Avropa İttifaqının bu prosesə müdaxilə etməsi və Ermənistan məhsulları üçün yeni imkanlar yaratmasıdır.

Avropa Komissiyasının Ermənistana dəstək təşəbbüsü həm iqtisadi, həm də siyasi mesaj xarakteri daşıyır. Brüssel bununla regionda təsir imkanlarını artırmağa və Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışır. Birgə layihələrin həyata keçirilməsi və Avropanın kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübənin Ermənistanda tətbiqi məsələsi yaxın dövrdə daha geniş müzakirə oluna bilər. Güman edirəm ki, yaranmış vəziyyətin yumşaldılması üçün Avropa İttifaqı Ermənistana müəyyən həcmdə iqtisadi və texniki dəstək göstərəcək.

Lakin əsas məsələ Ermənistan məhsullarının Avropa bazarına real çıxış imkanlarıdır. Hazırda Avropa ölkələrinin Ermənistanın kənd təsərrüfatı məhsullarını hansı həcmdə qəbul edəcəyi və bu məhsullara nə dərəcədə tələbat olacağı hələ də açıq sual olaraq qalır. Çünki Avropa bazarı həm keyfiyyət standartları, həm də rəqabət baxımından Rusiya bazarından ciddi şəkildə fərqlənir. Bu baxımdan Aİ-nin dəstəyi qısa müddətdə bütün problemləri həll etməyə yetməyəcək”.

Z.Əmralıyev vurğulayıb ki, Ermənistan məhsullarının Avropa bazarına çıxışı üçün ciddi struktur dəyişiklikləri lazımdır: “Rusiya və Avropa bazarları arasında böyük fərq var. Ermənistan istehsal etdiyi kənd təsərrüfatı məhsullarını Avropa standartlarına uyğunlaşdırmalıdır. Eyni zamanda Avropa bazarında tələbat olan məhsulların istehsalına üstünlük verilməsi vacibdir”.

Politoloq yaxın dövrdə Brüssel və İrəvan arasında kənd təsərrüfatı sahəsində məsləhətləşmələrin, birgə layihələrin və texniki dəstək proqramlarının artacağını da istisna etməyib.