Ermənistanda fəaliyyət göstərən "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndələri və tərəfdarları İrəvandakı İran səfirliyinin qarşısında aksiya keçirərək İranın Ermənistandakı səfiri Xəlil Şirqolamiyə ünvanlanmış məktubu təqdim ediblər.
Sherg.az xəbər verir ki, partiya sədri Qaqik Tsarukyanın mətbuat katibi İveta Tonoyan bildirib ki, aksiya həm praktiki, həm də simvolik xarakter daşıyıb.
Onun sözlərinə görə, partiya bundan əvvəl Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, xarici ölkələrin səfirlərinə və beynəlxalq təşkilatlara məktublar göndərərək Tsarukyan ətrafında yaranmış vəziyyətə diqqət çəkib.
Tonoyan bildirib ki, məktublarda Qaqik Tsarukyana qarşı siyasi təqib həyata keçirildiyi, insan hüquqları və demokratik prinsiplərin kobud şəkildə pozulduğu iddia olunub. O vurğulayıb ki, beynəlxalq təşkilatlar və diplomatlar bu məsələni daim diqqətdə saxlamalıdırlar.
Onun sözlərinə görə, aksiya iştirakçıları İran səfirinə şəxsən təqdim etdikləri məktubda partiya liderinə qarşı həyata keçirildiyini iddia etdikləri "hüquqi özbaşınalıqlar" barədə ətraflı məlumat veriblər.
Tonoyan qeyd edib ki, iki İran vətəndaşının ifadələri səbəbindən Ermənistan-İran arasında əsrlərə söykənən dostluq münasibətlərinin təhlükə altına düşməsi qəbuledilməzdir. O bildirib ki, Tsarukyan hər zaman iki ölkə arasında iqtisadi, mədəni, ticarət və siyasi əlaqələrin inkişafını dəstəkləyib və bu istiqamətdə maksimum səy göstərib. Tonoyanın iddiasına görə, həmin iki iranlı iş adamının yalan ifadələri nəticəsində Ermənistan-İran dostluğu risk altına düşüb.
Siyasi şərhçi Arman Abovyan aksiyada çıxışı zamanı Qaqik Tsarukyana qarşı siyasi təqib prosesinə İran vətəndaşlarının da cəlb olunmasını təəssüflə qarşıladığını bildirib.
O, İranın səlahiyyətli orqanlarının öz vətəndaşlarının Ermənistandakı qanunsuz daxili siyasi proseslərə cəlb edilməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəyinə ümid etdiyini deyib.
Abovyan əlavə edib ki, İran məhkəmələrinin qərarlarına əsasən, Tsarukyana qarşı ifadə verən iki İran vətəndaşı əvvəllər də ÇEP liderinə qarşı dələduzluq etməyə cəhd göstərməkdə ittiham olunublar.
Siyasi şərhçi sonda vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq, Qaqik Tsarukyan komanda üzvləri vasitəsilə Ermənistan-İran münasibətlərinin pisləşməsinə yol verilməməsi üçün hər kəsi mümkün olan bütün addımları atmağa çağırıb.