İsmail Cingöz: “İran Türkiyəni müharibəyə çəkmək üçün təhlükəli oyun oynaya bilər”

İran raketləri Türkiyə hava məkanından buraxıb, radar izləri bunu təsdiqləyir

“Türkiyə müharibəyə girsə, NATO-nun 31 dövləti İranla qarşı-qarşıya qalacaq"

İran, ABŞ və İsrail arasında davam edən müharibə qonşu ölkələrinə də təsirsiz ötüşmür. Martın 4-də İrandan buraxılan ilk ballistik raket Türkiyə istiqamətində hərəkət edərkən NATO-nun Hava Hücumundan Müdafiə Sistemi tərəfindən Şərqi Aralıq dənizi üzərində məhv edilmişdi.

Dünya mediası İranın Türkiyəyə yönəlik hücumlarını qınayarkən, növbəti gün Naxçıvan Muxtar Respublikası, müxtəlif istiqamətlərdə, dron hücumlarına məruz qaldı. Halbuki, Azərbaycan və Türkiyə rəsmi şəkildə öz ərazilərindən İrana qarşı hər hansı hərbi əməliyyat üçün istifadə olunmasına imkan verilməyəcəklərini bəyan etmişdi. Bu gün isə İrandan atılan daha bir ballistik raket, NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Türkiyənin Müdafiə Nazirliyi hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün müvafiq ölkələr ilə danışıqlara başlayıb.

Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, rəsmi Tehran törətdiyi əməlləri boynuna almasa da, radar izləri və Türkiyənin apardığı analizlər, raketlərin İran tərəfindən atıldığını qəti şəkildə təsdiqləyir:

“Hadisəyə dair bir sıra ehtimallar var. Birinci senari kimi, İran ordusunun Türkiyə hava məkanından istifadə etməklə, digər ölkələrə raket zərbələri endirməyə çalışdığı bildirilir. Bu da beynəlxalq hüquqa əsasən, Türkiyənin suverenliyinin pozulması və hərbi təcavüz aktı olaraq qəbuledilməz addımdır. Digər tərəfdən isə, ballistik raketlər əsasən inersial naviqasiya sistemi və peyk dəstəyi ilə idarə olunur. Əgər ilkin koordinatlar səhv daxil edilərsə və ya sistemdə kalibrasiya xətası olarsa, raket hədəfdən kənara düşə bilər. İran ordusunun daxilində İsrail və ABŞ-yə xidmət edən casus şəbəkəsinin olduğunu da nəzərə almalıyıq. Vaşinqton və Tel-Əviv rəsmiləri yaxşı bilirlər ki, NATO ölkəsi olan Türkiyə müharibəyə başlasa, təşkilatın 31 dövləti ilə birlikdə İranı yer üzündən siləcək”. 

Analitikin sözlərinə görə, Türkiyənin müharibəyə cəlb olunması, ABŞ ordusu üçün Türkiyə ərazisi üzərindən quru əməliyyatlarına başlamaq üçün strateji imkan yarada bilər:

“Lakin Türkiyə qonşusu İranla birbaşa müharibəyə girmək istəmir. Bu o demək deyil ki, Türkiyə İrandan qorxur. Əhalisinin yarısı türklərdən ibarət olan bir ölkə ilə qarşıdurmaya girmək, Türkiyənin ürəyində bərpası mümkün olmayan yaralar açacaq. Ona görə də, gərginliyi diplomatik müstəvidə həll etməyə çalışırlar. İranın məsuliyyətsiz davranışları, regional sabitliyi risk altına salsa da, NATO üzvü olaraq Türkiyənin müdafiə imkanları kifayət qədər güclüdür. Digər tərəfdən isə İran ordusu, Türkiyəni hədəf almaqla, NATO-nun hava hücumundan müdafiə sisteminin potensialını sınaya bilər. İranın birbaşa NATO ölkələrini hədəf alması ehtimalı isə onun kabusuna çevriləcək”.