İsrailin ABŞ ilə İran arasında müharibənin başa çatacağı təqdirdə İrana təkbaşına zərbələr endirmək ehtimalına hazırlaşdığı iddia olunur.
Sherg.az xəbər verir ki, İsrailin Kanal 13 televiziyasının məlumatına görə, Təl-Əviv ABŞ-ın iştirakı olmadan İrana hücum variantını hələ də gündəmdə saxlayır. ABŞ isə İranla münaqişənin diplomatik yolla başa çatdırılması üçün “çıxış yolu” axtarır.
Bu arada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İsrail Baş Qərargah rəisi Eyal Zamirlə Qəzza zolağı və İran məsələlərini müzakirə edib.
Məlumata görə, Bred Kuper Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) təmaslarından sonra İsrailə səfər edib və görüşlərin ardından ABŞ-a qayıdıb.
Digər tərəfdən, ABŞ Baş Qərargah rəisi Den Keynin İranla müharibənin daha da genişlənməsinin yeni risklər yarada biləcəyi barədə Vaşinqton administrasiyasının yüksək vəzifəli rəsmilərinə xəbərdarlıq etdiyi bildirilir.
Qeyd edək ki, Sülh Şurası Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün 15 maddəlik yol xəritəsi açıqlayıb. İsrailin isə sözügedən planı rədd etdiyi bildirilir.