Turan Rzayev: "Tel-Əviv, İranla bağlı məsələlərdən yalnız rejim dəyişikliyi və ölkənin parçalanmasından sonra əl çəkə bilər”
İranla ABŞ və İsrail arasında fevralın 28-dən etibarən başlayan müharibə gərgin müstəvidə davam edir. Müharibədən ən çox əziyyət çəkən tərəf isə silahsız mülki əhalidir. Rəsmi məlumatlara görə, fevralın 28-dən indiyə qədər İranda 1255 nəfər həyatını itirib.
Regiondakı münaqişə insan təlafatı ilə yanaşı, dünya iqtisadiyyatına da ciddi təsir göstərir. Sürətlə yüksələnən qiymətlər, qlobal bazarı çalxalamağa davam edir. Hər kəs müharibənin nə zaman bitəcəyinə dair suallara qapılıb. ABŞ prezidenti Donald Tramp "The Times of Israel" qəzetinə verdiyi müsahibədə, İrana qarşı hərbi əməliyyatın dayandırılması barədə qərarın İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə verəcəklərini açıqlayıb. Lakin bu qərarın nə zaman veriləcəyi sual altındadır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, prinsip etibarilə ABŞ İsrailin təhriki ilə İrana qarşı müharibə başladı:
“Müharibənin başlanmasında əsas səbəb İsrailin təhlükəsizlik narahatlıqlarıdır. Mövcud mərhələdə müharibənin dayandırılması üçün tərəflərin müəyyən ortaq məxrəcə gəlməsi zəruridir. Çünki uzunmüddətli hərbi qarşıdurma nə iqtisadi, nə də hərbi baxımdan tərəflərin maraqlarına uyğun gəlir. Məsələn, Rusiya-Ukrayna müharibəsinin uzadılması, Rusiyanın iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır. Lakin Amerika müharibəni uzatmaqda maraqlı deyil”.
Politoloqun sözlərinə görə, rəsmi Tehran, İsrailin nəzarətini qəbul etmədiyi müddətcə, mübahisəli proseslər davam edəcək:
“Vaşinqton əsas hərbi obyektlərə zərbələr endirdikdən sonra “qalib tərəf” imici formalaşdıraraq, müharibədən sülh prosesi çərçivəsində, çıxmağa çalışır. Lakin ABŞ və İsrail hələ müharibədən arzuladıqları nəticələri ala bilməyiblər. Bu vəziyyət gələcəkdə İran əleyhinə bənzər hərbi-siyasi senarilərin yenidən gündəmə gələ biləcəyindən xəbər verir. İsrailin məqsədi isə ABŞ-dən bir qədər fərqlidir. Tel-Əviv, İranla bağlı məsələlərdən yalnız rejim dəyişikliyi və ölkənin parçalanmasından sonra əl çəkə bilər”.