Türkiyənin ev sahibliyi ilə İstanbulda səkkiz ölkənin xarici işlər nazirləri bir araya gələrək Yaxın Şərqdəki münaqişələri, regional təhlükəsizliyi və diplomatik həll yollarını müzakirə ediblər.
Sherg.az xəbər verir ki, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı R4 mexanizmi ilə Böyük Britaniya, Almaniya və Fransanın təmsil olunduğu E3 formatının görüşünə İtaliya da qatılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə keçirilən toplantıda Hörmüz boğazının bağlı qalması, İrana mümkün hücum, husilərin Səudiyyə Ərəbistanına hücumları, eləcə də İsrailin regiondakı rolu müzakirə olunub. Fələstin, Livan və Suriyadakı vəziyyət, davam edən münaqişələrin dayandırılması imkanları da diqqət mərkəzində olub.
Fidan bildirib ki, görüşdə regionun problemləri, onların həlli yolları, indiyədək atılan addımlar və görülən tədbirlər ətraflı nəzərdən keçirilib.

Beynəlxalq mətbuat da İstanbul görüşünə geniş yer ayırıb. Qətərin “Al Jazeera” telekanalı toplantını hücumlar əvəzinə diplomatiyaya çağırış kimi təqdim edib. Fransanın RFI nəşri isə Avropa və Yaxın Şərqdən səkkiz ölkənin bu formatda görüşünü daha əvvəl analoqu olmayan təşəbbüs kimi qiymətləndirib.
Yunanıstanın “Defence Point” nəşri İstanbulun sülh mərkəzi kimi roluna diqqət çəkib. Almaniyanın “Tagesschau” nəşri isə görüşün təhlükəsizlik və sabitliyin bərpasına yönələn mesajlarını önə çıxarıb.
Qeyd edək ki, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı R4 mexanizminin əsas məqsədi regional problemlərin həllində dialoqu gücləndirmək və sabitliyə nail olmaqdır. Böyük Britaniya, Almaniya və Fransanı birləşdirən E3 formatı isə 2003-cü ildə İranın nüvə proqramı ilə bağlı diplomatik əməkdaşlıq çərçivəsində formalaşıb.
İstanbulda keçirilən görüş region ölkələri ilə Avropa dövlətləri arasında koordinasiyanın gücləndirilməsi və münaqişələrin diplomatik yollarla həlli istiqamətində səylərin davam etdirilməsi baxımından diqqət çəkib.