Kremldən xəbərdarlıq: Hörmüzdə vəziyyət nəzarətdən çıxa bilər

Vəziyyət son dərəcə həssas və proqnozlaşdırılmazdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hörmüz boğazı ətrafında vəziyyət son dərəcə həssas və proqnozlaşdırılması çətindir. Onun sözlərinə görə, buna baxmayaraq, danışıqlar prosesinin davam edəcəyinə və zorakı ssenaridən qaçınılacağına ümid edilir.

Peskov Moskvada jurnalistlərə açıqlamasında vurğulayıb ki, Körfəz regionundakı gərginlik həm regional təhlükəsizlik, həm də qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır. O qeyd edib ki, vəziyyətin daha da kəskinləşməsi beynəlxalq sabitliyə mənfi təsir göstərə bilər.

Kreml sözçüsü bütün mübahisələrin yalnız danışıqlar yolu ilə həll olunmalı olduğunu bildirib və əlavə edib ki, Rusiya heç vaxt dialoqdan imtina etməyib, əksinə, daim danışıqların tərəfdarı olub. Lakin onun sözlərinə görə, bu yanaşma Avropada hələ tam qarşılıq tapmayıb.

Peskov həmçinin qeyd edib ki, Rusiya İranla bağlı vəziyyətin həlli prosesində vasitəçi rolunu üzərinə götürmür, lakin bu istiqamətdə dəstək verməyə hazırdır.

Bundan başqa, o, qlobal enerji bazarlarına da toxunaraq bildirib ki, hazırda bazarlar çətin dövrdən keçir və bu şəraitdə Rusiyanın enerji istehsalındakı rolu nəzərə alınmadan sabitliyin təmin olunması mümkün deyil.