Bu modeli göstərir ki, kiçik dövlətlər belə düzgün strateji seçimlər və ardıcıl siyasət nəticəsində beynəlxalq sistemdə təsirli aktora çevrilə bilirlər
Litvanın Baş naziri İnqa Ruqinienenin Azerbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşdən sonra Litva hökumət başçısının verdiyi mesajlar Bakı ilə Vilnüs arasında siyasi dialoqun və strateji əməkdaşlığın genişlənməsi üçün ciddi potensialın mövcud olduğunu bir daha nümayiş etdirib.
Baş nazir Bakıda nümayiş etdirilən yüksək qonaqpərvərliyə görə İlham Əliyevə minnətdarlığını bildirib. O, iki ölkə arasındakı ikitərəfli tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb: "Rəsmi Vilnüs təhlükəsizlik, sabitlik və iqtisadi tərəqqi naminə Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşmasını, xüsusilə enerji sektorundakı strateji kooperasiyanı prioritet hesab edir". Bölgədəki geosiyasi vəziyyətə toxunan Litva rəsmisi Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda dövlətlərarası birliyin əhəmiyyətinin artdığını diqqətə çatdırıb. Sonda Baş nazir Cənubi Qafqazda sülh prosesinə toxunaraq deyib: "Litva, Azərbaycan və Ermənistan arasında sarsılmaz sülhün əldə olunması istiqamətindəki addımları mütləq şəkildə dəstəkləyir, bu yolda qazanılmış uğurları müsbət qiymətləndirir və regionda dayanıqlı asayişin tərəfdarıdır".
Azərbaycan- Litva əlaqələrini şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a bildirib ki, Litva özünü postsovet transformasiyasının yalnız uğurlu keçid kimi deyil, artıq formalaşmış və strateji baxımdan fəal dövlət modeli kimi təqdim edir. Onun fikrincə, Litva “keçid dövrünü” başa vuraraq bu gün Avropanın təhlükəsizlik arxitekturasında aktiv rol oynayan ölkəyə çevrilib:
“Litvanın geosiyasi orientasiyası aydın və dəyişməzdir. Avropa İttifaqı və NATO üzvlüyü ölkənin təhlükəsizlik və inkişaf strategiyasının əsas sütunlarını təşkil edir. Bu inteqrasiya Litvaya həm siyasi legitimlik, həm də hərbi təhlükəsizlik təminatı verib. Xüsusilə müdafiə xərclərinin yüksək səviyyəsi göstərir ki, Litva regional riskləri, ilk növbədə Rusiyadan gələn təhlükəni real və uzunmüddətli hesab edir. Habelə balans yaratma və tutma yolunda uğurla addımlayır. İkinci mühüm istiqamət ən çətin dövrdə belə Litvanın Ukrayna siyasətidir. Rusiyanın Ukraynada tətbiq etdiyi genişmiqyaslı hərbi əməliyyatları fonunda Litva özünü yalnız müşahidəçi kimi deyil, fəal tərəfdaş kimi göstərməkdən çəkinmir. Ukraynaya verilən maliyyə və siyasi dəstək ölkənin xarici siyasətində dəyərlərə əsaslanan yanaşmanın üstünlük təşkil etdiyini sübut edir. Bu yanaşma həm də Litvanın öz tarixi təcrübəsindən yəni, sovet işğalı dövründən qaynaqlanır və daxildə hökm sürən “azadlıq paylaşılmalı dəyərdir” tezisini gücləndirir”.
Ş. Həsənova həmçinin Litvanın daxili inkişaf modelinin də diqqətəlayiq olduğunu bildirib:
“Güclü institutlar, hüququn aliliyi və vətəndaş cəmiyyətinin inkişafı ölkənin dayanıqlığını təmin edən əsas faktorlardır. Xüsusilə müstəqillikdən sonra yetişən nəslin formalaşdırdığı yeni sosial baza Litvanın gələcək inkişaf potensialını artırır. Bu nəsil artıq inkişaf dəyərləri ilə formalaşır və bu inkişafı alternativsiz yol kimi qəbul edir. Dövlətlər çətin sınaqlarla üz-üzə buraxılırlar. Əsas ideoloji xətt Litvanın azadlığı yalnız əldə edilmiş nailiyyət kimi deyil, davamlı qorunmalı məsuliyyət kimi qəbul etməsidir. Bu yanaşma ölkənin həm daxili siyasətində, həm də xarici fəaliyyətində özünü göstərir. Litva və Azərbaycan modeli göstərir ki, kiçik dövlətlər belə düzgün strateji seçimlər və ardıcıl siyasət nəticəsində beynəlxalq sistemdə təsirli aktora çevrilə bilirlər. Litva və Azərbaycan bu gün postsovet məkanında uğurlu transformasiya nümunəsi olmaqla yanaşı, həm də təhlükəsizlik və dəyərlər siyasətinin fəal müdafiəçilərindən biridir. Yürüdülən düzgün siyasətlər göstərir ki, milli təcrübə ilə formalaşan strateji yaddaş xarici siyasətdə prinsipial və ardıcıl mövqe yaratmaq üçün əsas rol oynayır”.