Malyariyanı daha sürətli yoluxduran ağcaqanad növləri təsbit edilib

Afrikanın 5 ölkəsində təsbit edilən və malyariyanı daha sürətli yoluxduran ağcaqanad növünün Qanada da tapıldığı bildirilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Qana Sağlamlıq Xidmətlərinin (GHS) baş direktoru Patrick Kuma-Aboagye, yazılı açıqlamasında, ölkə daxilində malyariyanı daha sürətli yayan ağcaqanad növünün "Anopheles stephensi"nin aşkar edildiyini bildirib.


Malyariya xəstəliyini daha sürətli yayan  bu növün fərqli iqlim şəraitinə uyğunlaşdığını ifadə edən Kuma-Aboaqye bildirib ki, ölkədə bu növə qarşı mübarizəni koordinasiya etmək üçün xüsusi qrup yaradılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, vətəni Cənubi Asiya və Ərəbistan yarımadasının bir hissəsi olan "Anopheles stephensi" son 10 ildə Afrikanın 5 ölkəsində aşkarlanıb.

Parazit ağcaqanadların dişləməsi ilə ötürülən və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya; qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.

Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.

Qitədə hər il orta hesabla 500 min insan malyariya səbəbiylə ölürsə, ölənlərin yarısı uşaqlardır.

Turan