Milli maraqlar Azərbaycanın qırmızı xəttidir, burada güzəşt ola bilməz - ŞƏRH

  • “Azərbaycan AŞPA-ya qayıtmalı və qərəzli qüvvələrlə üz-üzə mübarizə aparmalıdır”

Azərbaycan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmayacağı təqdirdə, ölkənin Avropa Şurasından çıxması məsələsi gündəmdə qala bilər.

Bunu Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Prezident bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınmasından sonra ölkə nümayəndə heyəti qurumun işində iştirakını dayandırıb: "Avropa Şurasından tam çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Avropa Şurasının Baş katibi Alen Berse bu addımın atılmamasını xahiş edib və vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılmasını istəyib".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanın AŞPA-ya qayıtması üçün ilk növbədə nümayəndə heyətinin səsvermə hüququ bərpa edilməlidir: “Bu, onların qəbul etdiyi ədalətsiz qərardır və geri çəkilməli, səhvlərini etiraf etməlidirlər.”

Prezident əlavə edib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına könüllü qoşulub və o dövrdə təşkilatdan Qarabağ məsələsinin həllində dəstək gözləyirdi. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər mövcud reallığın və Azərbaycanın qarşılaşdığı vəziyyətin siyasi qiymətləndirilməsidir. Hüquq müdafiəçisi hesab edir ki, dövlət başçısı bu məsələdə tamamilə haqlıdır:

“Cənab Prezident uzun illər Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, həmin platformanın iş prinsiplərini, oradakı siyasi münasibətləri və qərarların necə formalaşdığını çox yaxşı bilir. Dövlət başçısı kimi də illərdir beynəlxalq tribunalarda Azərbaycanın milli maraqlarını ən qətiyyətli şəkildə müdafiə edən siyasətçidir. Ona görə də AŞPA-da Azərbaycana qarşı ikili standartların mövcudluğu ilə bağlı səsləndirdiyi fikirlər tam əsaslıdır. Mən özüm də artıq 15 ilə yaxındır ki, AŞPA-nın sessiyalarında iştirak edir, müzakirələri yaxından izləyir, komitələrin iclaslarında və müxtəlif yan tədbirlərdə oluram. Bir hüquq müdafiəçisi kimi deyə bilərəm ki, bu platformada Azərbaycana münasibətdə ikili standartların və qərəzli yanaşmaların şahidi olmuşam. Bununla bağlı şəxsi təcrübəmdən bir nümunə də var. 2018-ci ilin yanvar ayında o vaxtkı Ermənistan prezidenti Serj Sərkisyan AŞPA tribunasından çıxış edərkən mən bir hüquq müdafiəçisi olaraq səssiz etiraz aksiyası keçirdim. Əlimdə girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin şəkillərini tutaraq zalda sakit şəkildə oturmuşdum. Təxminən beş-altı dəqiqə sonra Serj Sərkisyan məni gördü və dərhal AŞPA-nın təhlükəsizlik əməkdaşları zala müdaxilə edərək məni iclasdan çıxardılar. Halbuki bundan bir neçə il əvvəl Prezident İlham Əliyev AŞPA tribunasından çıxış edərkən bir qrup azərbaycanlı müxalif mühacir eyni qaydada səssiz etiraz aksiyası keçirmişdi. Onlar zaldan uzaqlaşdırılmamış, əksinə aksiyanı sonadək davam etdirmələrinə imkan yaradılmışdı. Bu iki hadisənin müqayisəsi AŞPA-da tətbiq olunan ikili standartların ən açıq nümunələrindən biridir. Təəssüf ki, belə halları illər ərzində dəfələrlə müşahidə etmişik”.

Bütün bunlara baxmayaraq, Əhməd Şahidov vətəndaş cəmiyyəti nümayəndəsi və hüquq müdafiəçisi olaraq Azərbaycanın Avropa Şurasından çıxmasının doğru addım olmadığını bildirib. Beynəlxalq təşkilatlarda iştirakın tərəfdarı olduğunu vurğulayan hüquq müdafiəçisi hesab edir ki, belə platformalar ölkəmizin mövqeyini çatdırmaq, milli maraqlarımızı müdafiə etmək və bizə qarşı irəli sürülən əsassız iddialara cavab vermək üçün mühüm imkan yaradır:

“Əgər Azərbaycan bu platformanı tərk etsə, o zaman ölkəmizə qarşı qərəzli mövqe tutan qüvvələrin işi daha da asanlaşacaq. Ermənistan, eləcə də Azərbaycana qarşı qərəz nümayiş etdirən bəzi ölkələr bizim iştirakımız olmadan Azərbaycan əleyhinə çıxışlar edəcək, hesabatlar hazırlayacaq və qətnamələrin qəbuluna çalışacaqlar. Azərbaycan isə həmin müzakirələrdə öz sözünü demək imkanından məhrum olacaq. Mən hesab edirəm ki, Azərbaycan AŞPA-dakı fəaliyyətini bərpa etməli, nümayəndə heyəti yenidən Assambleyada təmsil olunmalıdır. Eyni zamanda, AŞPA daxilində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən siyasi qruplara və ayrı-ayrı ölkələrə qarşı diplomatik və siyasi mübarizə daha fəal aparılmalıdır. Mübarizə meydanı tərk edilməməli, əksinə həmin meydanda daha güclü şəkildə davam etdirilməlidir. Təbii ki, elə məsələlər var ki, Azərbaycan beynəlxalq öhdəlikləri çərçivəsində müəyyən addımlar ata bilər. Amma söhbət dövlətimizin suverenliyindən, ərazi bütövlüyündən və milli maraqlarından gedirsə, burada heç bir güzəşt ola bilməz. Bu prinsiplər Azərbaycanın qırmızı xəttidir. Mənim qənaətim budur ki, Azərbaycanın gücü beynəlxalq təşkilatlardan uzaqlaşmaqda deyil, həmin təşkilatlarda fəal iştirak edərək ölkəmizə qarşı olan qərəzli yanaşmaları faktlarla ifşa etməkdə, milli maraqlarımızı ardıcıl şəkildə müdafiə etməkdədir. Bu, həm dövlətimizin beynəlxalq mövqeyini gücləndirəcək, həm də Azərbaycana qarşı ikili standartların daha açıq şəkildə ortaya çıxmasına imkan verəcək”.