Milli Qurtuluş Günü həm də gələcəyimizin bayramıdır

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği  

Bu tarix Azərbaycan dövlətinin xilası, inkişafı və Böyük Zəfərə aparan yolun başlanğıcı kimi daim xalqımızın yaddaşında yaşayacaq

Azərbaycan xalqının müasir tarixi milli dövlətçilik ideyalarının möhkəmlənməsi, müstəqilliyin qorunması və ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan mübarizənin parlaq nümunəsidir. Bu tarixin ən mühüm mərhələlərindən biri 1993-cü il 15 iyun tarixində başlanan Milli Qurtuluş yoludur. Həmin gün Azərbaycan xalqı öz taleyini, dövlətinin gələcəyini və müstəqilliyinin qorunmasını Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyinə etibar etdi. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, bu seçim Azərbaycanın tarixində verilmiş ən düzgün və taleyüklü qərarlardan biri olub.

Milli Qurtuluş Günü təkcə siyasi böhranın aradan qaldırılması ilə məhdudlaşmır. Bu tarix həm də müasir Azərbaycanın inkişaf strategiyasının başlanğıcı, dövlət quruculuğu prosesinin yeni mərhələsi və gələcək böyük uğurların təməlidir. Bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin, o cümlədən 2020-ci ildə qazanılmış tarixi Zəfərin kökündə məhz 1993-cü ildə başlanmış siyasi kurs dayanır.

90-cı illərin əvvəllərində Azərbaycanın mürəkkəb vəziyyətdə olduğunu xatırladan Milli Məclisin deputatı Şahin Seyidzadə "Şərq"ə bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, minlərlə insan həlak olur, yüz minlərlə vətəndaş qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. O həmçinin qeyd edib ki, ölkə daxilində siyasi çəkişmələr, hakimiyyət böhranı və idarəetmədəki səriştəsizlik dövlət müstəqilliyini ciddi təhlükə altına salmışdı:

“1993-cü ilin iyun ayında ölkədə vəziyyət kritik həddə çatmışdı. Vətəndaş müharibəsi təhlükəsi yaranmış, separatçılıq meyilləri güclənmiş, dövlət idarəçiliyi iflic vəziyyətinə düşmüşdü. Belə bir şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı ölkənin taleyini dəyişdirdi. Onun rəhbərliyi ilə ilk növbədə ictimai-siyasi sabitlik təmin edildi. Dövlətçiliyə qarşı yönəlmiş təhdidlər aradan qaldırıldı, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, vətəndaş qarşıdurmasının qarşısı alındı.

Ulu Öndər Heydər Əliyev çox yaxşı bilirdi ki, güclü dövlət quruculuğu olmadan nə iqtisadi inkişaf, nə beynəlxalq nüfuz, nə də hərbi uğur əldə etmək mümkündür. Buna görə də dövlət institutlarının formalaşdırılması, qanunun aliliyinin təmin olunması və milli həmrəyliyin yaradılması onun fəaliyyətinin əsas istiqamətlərinə çevrildi.

1994-cü ildə əldə olunmuş atəşkəs Azərbaycanın gələcək inkişafı üçün mühüm şərait yaratdı. Bu qərar dövlətin daxili potensialını gücləndirməyə, iqtisadiyyatın dirçəldilməsinə və ordu quruculuğuna daha çox diqqət yetirməyə imkan verdi. Həmin dövrdə qəbul edilmiş strateji qərarlar sonrakı onilliklər ərzində ölkənin inkişafını müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi tarixində yeni səhifə açdı. 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. Dünyanın aparıcı enerji şirkətlərinin iştirakı ilə imzalanan bu müqavilə Azərbaycana böyük həcmdə investisiyaların cəlb edilməsinə şərait yaratdı. Neft strategiyası yalnız iqtisadi layihə deyildi. Bu, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə xidmət edən uzaqgörən siyasi addım idi. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mühüm enerji layihələrinin həyata keçirilməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırdı.

Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamət kimi müəyyən etmişdi. O yaxşı bilirdi ki, torpaqların işğaldan azad edilməsi yalnız güclü dövlət və güclü ordu vasitəsilə mümkündür. Buna görə də peşəkar Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı.

Müasir Azərbaycan Ordusunun təməli məhz həmin illərdə qoyuldu. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi təhsil sisteminin inkişaf etdirilməsi, peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və daha da zənginləşdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. Ölkənin iqtisadi imkanları genişləndi, beynəlxalq nüfuzu artdı, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. 

Deputatın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, ən müasir silah və texnikalarla təchiz edilməsi, hərbi sənayenin inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi nəticəsində ordumuz dünyanın ən güclü orduları sırasında yer alıb: “Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurlu davamı idi.

2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfər qazanıb. Bu Zəfər təsadüfi deyildi. Onun arxasında illərlə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyat, müasir ordu və xalq-iqtidar birliyi dayanırdı. Məhz Milli Qurtuluşdan sonra formalaşdırılmış dövlətçilik modeli Azərbaycanı Böyük Zəfərə aparan yolun əsasını təşkil etmişdi. Şuşanın azad edilməsi Vətən müharibəsinin kulminasiya nöqtəsi oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsi düşmənin kapitulyasiyasını qaçılmaz etdi. Prezident İlham Əliyevin dediyi kimi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”.

Bu sözlər təkcə bir hərbi uğurun deyil, həm də Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun həyata keçməsinin ifadəsi idi. Ulu Öndər Heydər Əliyev uzun illər ərzində Qarabağın və Şuşanın azad olunacağına inamını itirməmişdi. Onun müəyyən etdiyi siyasi kurs nəticə etibarilə həmin məqsədə nail olunmasına şərait yaratdı. Vətən müharibəsindən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri başlandı. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, hava limanları, elektrik stansiyaları və digər mühüm infrastruktur layihələri həyata keçirilir.

Bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Böyük Qayıdış proqramı uğurla icra olunur. Keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar.

Bütün bunlar bir daha göstərir ki, Milli Qurtuluşdan başlanan yol Böyük Zəfərlə nəticələnib. Əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasaydı, dövlətçiliyin qorunması və sonrakı uğurların əldə olunması mümkün olmazdı”.

Bu gün Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən biri kimi tanındığını vurğulayan Ş.Seyidzadə bildirib ki, ölkəmiz beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edir, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, regional əməkdaşlığın inkişafına töhfələr verir: “Milli Qurtuluş Günü ilə başlanan inkişaf yolu bu gün də uğurla davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələr fəth edir, müstəqilliyini daha da möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Tarix sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycanın milli maraqlarına, dövlətçilik ənənələrinə və xalqın gələcək inkişafına əsaslanan uzaqgörən strategiya idi. Bu strategiya ölkəni böhrandan çıxardı, sabitlik yaratdı, iqtisadi yüksəlişi təmin etdi və nəhayət, tarixi Zəfərə gətirib çıxardı.

Milli Qurtuluşdan Böyük Zəfərə uzanan yol Azərbaycan xalqının iradəsinin, dövlətçilik ənənələrinin və güclü liderlik amilinin təntənəsidir. Bu yolun müəllifi Ulu Öndər Heydər Əliyev, davamçısı isə Prezident İlham Əliyevdir. Azərbaycanın bugünkü uğurları və gələcək inkişaf perspektivləri məhz bu siyasi kursun gücünü və həyatiliyini bir daha təsdiqləyir. 15 İyun – Milli Qurtuluş Günü təkcə keçmişimizin deyil, həm də gələcəyimizin bayramıdır. Bu tarix Azərbaycan dövlətinin xilası, inkişafı və Böyük Zəfərə aparan yolun başlanğıcı kimi daim xalqımızın yaddaşında yaşayacaqdır”.