Mirzoyan: Bakıya “gəlin, sazişi imzalayaq” deyəndə, bizə bu cavabı verir

“Sülhü təxirə salmaq olmaz, o, artıq xeyli müddətdir bərqərar olub. Sərhədyanı bölgələrdə yaşayan insanlarla əlaqəniz varsa, onlardan soruşun. Sülh mövcuddur və o dərəcədə işləyir ki, Ermənistanla Azərbaycan arasında ticarət aparılır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O əlavə edib ki, Ermənistan sülh sazişinin imzalanacağı yer və tarixi müəyyənləşdirmək üçün məsləhətləşmələrə dərhal başlamağa hazırdır:

“Azərbaycan danışıqlar prosesində bu tələbi və ya şərti irəli sürmür. Biz “gəlin, sazişi imzalayaq” deyəndə, onlar “konstitusiyanız dəyişməyənədək imzalamayacağıq” deyirlər. Yəni konstitusiyamızı dəyişməyi tələb etmirlər, sadəcə, imzalamayacaqlarını bildirirlər”.

Mirzoyan vurğulayıb ki, hazırkı hökumətin mandat müddəti ərzində sülh sazişinin imzalanmasını təmin etmək öhdəliyi var.