ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin olduğu təyyarə sentyabrın 6-na keçən gecə Rusiyanın hava məkanını tərk edib. Diplomatlar Moskvadan Kiyevə yola düşüblər. Onlar Ukrayna tərəfi ilə keçiriləcək danışıqlara Kreml görüşündə aparılmış qeydlərin olduğu bloknotu da özləri ilə aparıblar.
Sherg.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeydlər Rusiya Prezidenti Vladimir Putinlə Stiven Uitkoff və Cared Kuşner arasında keçirilən görüş zamanı aparılıb. Qeydlərin olduğu vərəqlər amerikalı nümayəndələrdən birinin təyyarəyə minməzdən əvvəl əlində görünüb.
Agentliyin dəqiqləşdirdiyinə görə, fotoda Stiven Uitkoffun əlində Kremlə məxsus brendli bloknot görünür. Səhifələrdə əlyazma ilə yazılmış qeydlər diqqəti cəlb edir.
Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Kiyevdəki təmaslar zamanı Vladimir Putinin görüş əsnasında səsləndirdiyi qiymətləndirmələrdən istifadə edəcəklərinə söz veriblər. O qeyd edib ki, dövlət başçısının fikirləri münaqişənin nizamlanması yollarına aiddir.