Düşmənçilik bitir, iqtisadi ağıl qalib gəlir, sərhədlər arteriyaya çevrilir
Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib. Nazirlər Kabinetindən bildirilib ki, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub. Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Sosial Tədqiqatlar Mərkəzinin sector müdiri Tural İsmayılov “Sherg.az”a bildirib ki, Sədərək-Yerasx dəmir yolu sahəsində 15 yanvar 2026-cı il tarixində həyata keçirilən birgə baxış, Cənubi Qafqazın geosiyasi və iqtisadi mənzərəsində yeni bir eradan, "praktiki sülh" mərhələsindən xəbər verir. Onun sözlərinə görə, bu hadisə sadəcə texniki bir inventarizasiya deyil, Azərbaycanın uzun illərdir təşviq etdiyi "regional əməkdaşlıq vasitəsilə sülh" strategiyasının reallaşmağa başladığını göstərən ən bariz nümunədir:
“Sədərək və Yerasxın qovuşması, vaxtilə ayırıcı xətt olan sərhədlərin artıq birləşdirici arteriyalara çevrildiyini, düşmənçilik ritorikasının yerini iqtisadi rasionallığa və birgə tərəqqi maraqlarına verdiyini sübut edir.
Bu addımın verdiyi əsas siyasi mesaj odur ki, Azərbaycan və Ermənistan artıq kənar vasitəçilərin deyil, birbaşa dialoqun və qarşılıqlı etimadın gücü ilə ən mürəkkəb infrastruktur layihələrini müzakirə edə bilirlər. Sədərək-Yerasx xətti üzrə mütəxəssislərin çiyin-çiyinə işləməsi, dövlətimizin sülh sazişini sadəcə kağız üzərində deyil, yerin üzərində — relslərdə və yollarda qurmaq əzmini nümayiş etdirir. Bu, həm də Vaşinqtonda imzalanmış 17 bəndlik sülh müqaviləsinin və "Tramp Marşrutu" (TRIPP) kimi qlobal layihələrin həyata keçirilməsi üçün möhkəm bir təməldir”.
T. İsmayılov qeyd edib ki, iqtisadi baxımdan bu sahənin bərpası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin bərpasında həlledici həlqədir: “Bu baxış, yaxın gələcəkdə Naxçıvanın regional logistik qovşağa çevriləcəyinin və Ermənistanın da bu böyük tranzit şəbəkəsinə inteqrasiya olunaraq iqtisadi dividend qazanacağının anonsudur. Azərbaycan bu proseslə dünyaya göstərir ki, bölgədə kommunikasiyaların açılması heç bir ölkənin suverenliyinə təhdid deyil, əksinə, bütün tərəflər üçün rifah, investisiya və stabil inkişaf vəd edən strateji bir qələbədir”.