Ermənistanı böhrandan yalnız Azərbaycanla sülh xilas edəcək - POLİTOLOQ

  • Ermənistan Azərbaycana qarşı ərazi iddiaları yer alan mövcud konstitusiyanı dəyişdirməlidi

Rusiya İrəvandan ya ancaq onunla tərəfdaş olmağı, ya da əlaqələri tam kəsməyi tələb edir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın isə yolu fərqlidir:

"Ermənistan yalnız bir mərkəzdən asılı vəziyyətdə qalmaq istəmir, həm siyasi, həm də iqtisadi müstəvidə yeni tərəfdaşlar və alternativ yollar axtarışındadır. İrəvan artıq Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər dövlətlərlə mühüm sazişlər imzalayıb. Əvvəllər Ermənistanın bu qədər müxtəlif dövlətlərlə belə sıx əməkdaşlığı mövcud deyildi və yaranması da qeyri-mümkün idi. Rusiya ilə aralarında yaranan əsas problemin kökündə də məhz bu amil dayanır".

Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirir ki, Avropa İttifaqına üzvlük məsələsi Ermənistan üçün daha uzaq perspektivdə görünür.

“Rusiya Ermənistan qarşısında Avropa İttifaqına üzvlük, ya da Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsini şərt olaraq irəli sürür. Ortaq seçim qoymur. Hesab edirəm ki, seçkidən öncə başlayan prosesin bu gün də davam etməsi, Rusiyanın Ermənistanın düşdüyü mövcud vəziyyətdən istifadəsi kimi qiymətləndirilə bilər. Seçkidən öncə bu proses seçkiyə təsir rıçaqı kimi qiymətləndirilirdisə, bu gün də davam etməsi Ermənistanı Avropaya inteqrasiya siyasətindən imtina kimi məqsəd daşıyır. Çünki, Rusiya anlayır ki, Ermənistan iqtisadi imkanlar baxımından Avrasiya iqtisadi bazarından asılıdır. Paşinyan anti-Rusiya siyasətini hakimiyyətə gəldikdən sonra davam etdirib. Bu prosesdə həm siyasi dəstək, həm də hərbi dəstək baxımdan Avropadan alternativlər əldə edə bilib. Lakin, məsələ iqtisadi təminata gəldikdə Avropa Ermənistana bunu təmin edə bilmir. Bunun həm subyektiv, həm də obyektiv səbəbləri var.

Politoloq hesab edir ki, Ermənistanın Avropa bazarına çıxışının olmaması Rusiya qarşısındakı ən böyük çətinliklərindən biridir.

“Rusiya bunu effektiv təzyiq rıçaqı kimi anladığı üçün, Ermənistan məhsullarının ixracına məhdudiyyətlər qoyur. Bunu aradan qaldırmaq üçün də seçim irəli sürür. Bu seçim də Avropa İttifaqına inteqrasiya, ya da Avrasiya İqtisadi Birliyində qalmaq mahiyyətini daşıyır. Paşinyan dəfələrlə bildirib ki, hazırda bu seçim onlar üçün prioritet deyil. Çünki Avropa İttifaqına üzvlük məsələsi Ermənistan üçün daha uzaq perspektivdə görünür. Həm də yaxın perspektivdə Avropadan müəyyən dəstək olsa belə, Avropa İttifaqına tamhüquqlu üzv olmaq məsələsi uzunmüddətli bir prosesdir. Bununla bağlı təcrübələr də var. Ukrayna, Moldova, Gürcüstan kimi təcrübələr göstərir ki, ittifaqa üzv olmaz məsələsi onilliklər ala bilər. Ona görə də Nikol Paşinyan hərbi və siyasi baxımdan Avropaya inteqrasiyanı sürətləndirsə də, iqtisadi baxımdan bunu təmin edə bilmir. Bu halda isə Ermənistanın vəziyyəti daha da çətinləşir. Çünki, Ermənistan daxilində Rusiyaya məhsul ixrac edən sahibkarlar etirazlara başlayıblar. Ermənistan tərəfi müəyyən bəyanatlar verməklə Rusiya ilə məsələni bir qədər yumşaltmaq və ortaq mövqe tapmaq istiqamətində işlər aparır. Bununla da Rusiya tərəfdən olan iqtisadi məhdudiyyətləri aradan qaldırmağa çalışır. Digər tərəfdən Paşinyan hakimiyyəti tamamilə Avropaya inteqrasiya siyasətindən də imtina edə bilməz. Çünki, onun əsas tərəfdarları Avropadadr. Düşünürəm ki, Paşinyan hakimiyyəti qarşıdakı dövrdə də maksimum dərəcədə Rusiya ilə münasibətləri loyallaşdırmağa çalışacaq. Digər tərəfdən isə avropalı tərəfdaşlarından iqtisadi itkilərin kompensasiya edilməsini istəyəcək. Ermənistan üçün ağrılı prosesdir. Düşünürəm ki, burada əsas həll yolu kimi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması görünür. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları yer alan mövcud konstitusiyanı dəyişdirməlidir. Bu yekun sülhə olan ümidləri artıracaq və Ermənistanın Türkiyə sərhədləri açılacaq. Bununla da Ermənistan həm Türkiyə, həm də Avropa bazarına çıxa biləcək.”

Paşa Nuru