İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları aldadıb xarici ölkəyə aparmaq, onlara hədə-qorxu gələrək cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. R.Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girib. Cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, DİN-nin bir müddət əvvəl vətəndaşlara müraciət edərək xarici ölkələrdə iş, təhsil elanlarına diqqətli yanaşmaqla bağlı tövsiyəsi təsadüfi deyidli:
- DİN-nin mətbuat xidmətinin məlumatında bildirilirdi ki, yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi vədi ilə təkliflər cəlbedici görünsə də, araşdırmalar son dövrlər sosial şəbəkələrdə xaricdə iş və ya təhsil adı altında saxta elanlara rast gəlinir. Bu saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bu kimi hallardan qorunmaq vətəndaşlar xaricdə yüksək məvacibli işlə bağlı təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala bilərlər. Ya da təklif gələn ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə bilərlər. Hazırda məlumat əldə etmək çətin deyil, internet resursları var, onlayn yazışmalar mümkündür, hər cür məlumatı dəqiqləşdirmək olar.
M.Zeynalova qeyd etdi ki, ehtiyat tədbirləri bununla da bitmir. Vətəndaşlar başqa bir ölkəyə səfər etdikdə diqqətli olmalı, şəxsiyyəti təsdiq edən sənədi heç kimə verməməlidirlər:
- Daim məsləhət görürük ki, kimsə sizə xarici ölkədə iş, yaşayış, yüksək gəlir təklif edirsə, əvvəlcə dəqiqləşdirmək lazımdır, nə dərəcədə doğrudur, realdır. Xarici ölkəyə getdiniz, sizə iş təklif olundu, yenə də mütləq əmək müqaviləsinin bağlanmasını tələb edin. Sizə qarşı qanunazidd əməl varsa, yerli polis orqanına, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diplomatik nümayəndəliklərinə, konsulluqlara müraciət edilə bilər. Bir çox iş yerləri üçün hələ də görkəm, yaş həddi qabardılır, təhsilin önəminin olmaması xüsusi vurğulanır. Bütün bu cəlbedici elanların arxasında isə insan alveri təhlükəsi olduqca böyük görünür. Qadın, kişi fəüq etmir, təklifi edən şəxsin kimliyini, harada necə fəaliyyət göstərdiyini öyrənmək, dəqiqləşdirmək lazımdır. Bəzən vətəndaşlarımız rəsmi qurumlara müraciət etməkdən, məlumat almaqdan və özü haqqında məlumat verməkdən çəkinir, amma insan alverçilərinin girovuna çevrilirlər.