“Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi və sərhədin açılması bu gün tamamilə başqa kontekst əldə edib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“TRIPP (və ya Zəngəzur dəhlizi) layihəsi çərçivəsində Ermənistan-Türkiyə sərhədinin açılması Mərkəzi Asiyadan Avropa İttifaqına dəmir yolu və avtomobil nəqliyyatı əlaqəsinin qurulması, yeni boru kəmərləri və yeni elektrik ötürücü xətlərinin davamı üçün imkan deməkdir”, - o bildirib.
Nikol Paşinyan əlavə edib ki, gələcəkdə Mərkəzi Asiyadan Avropaya yaşıl hidrogen boru kəməri çəkiləcək:
“İndi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədin açılması o deməkdir ki, həmin mümkün boru kəməri üçün əlavə bir marşrut yaranacaq ki, bu da həm region ölkələri, həm də Avropa İttifaqı ölkələri üçün sərfəlidir”.
Ermənistan Baş naziri hesab edir ki, indiki dövrdə iqtisadiyyat siyasəti qabaqlayır:
“Hiss edirəm ki, iqtisadiyyat siyasəti qabaqlayır, bu, çox yaxşı xəbərdir, çünki Ermənistan-Azərbaycan münasibətləri və daha geniş kontekstdə formalaşan iqtisadi əlaqələr və iqtisadi maraqlar sabitlik və təhlükəsizliyin ən etibarlı təminatıdır. Regionun biznesləri bir-biri ilə pul qazanmağa və hər biri öz ölkəsinə əlavə gəlir gətirməyə başlayanda, heç bir ölkə digərinin və ümumilikdə regionun sabitliyini pozmaqda maraqlı olmayacaq, əksinə, ölkələr və regionun sabitliyinə böyük maraq göstərəcək”.