Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyinin mühafizəsi sahilyanı dövlətlərin birgə fəaliyyət gündəliyində mühüm yer tutur.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadçı Ceffri Saksa müsahibəsində bildirib.
H.Hacıyev Xəzərdə su səviyyəsinin aşağı düşməsi probleminə diqqət çəkib:
"Bizi narahat edən məsələlərdən biri su ehtiyatlarının azalmasıdır. Bəzi alimlər bu prosesi iqlim dəyişikliyi ilə əlaqələndirsələr də, insan fəaliyyətinin təsiri də danılmazdır. Bununla belə, sahilyanı ölkələr arasında ekosistemin mühafizəsinə yönəlmiş səmərəli əməkdaşlıq platforması mövcuddur. Nərə balıqlarının populyasiyasını qorumaq məqsədilə xüsusi təsərrüfatlar yaradılıb. Həmin müəssisələrdə yüksək keyfiyyətli kürü istehsal olunur ki, bu da təbii şəraitdəki balıq ehtiyatlarının qorunmasına töhfə verir".