Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında keçirilən görüşdə həbsdə olan erməni və Azərbaycan vətəndaşları məsələsi müzakirə edilib.
Sherg.az xəbər verir ki, Baş nazir bu barədə cümə axşamı hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
Paşinyanın sözlərinə görə, belə bir görüşün keçirilməsinin mümkünlüyü və məqsədəuyğunluğunun Azərbaycan tərəfi ilə müzakirə olunmasını şəxsən Armen Qriqoryana tapşırıb.
“Azərbaycan və Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə olunurdu və hazırda onların aradan qaldırılması istiqamətində işləyirik. Heç kimə hər hansı izahat verməmişik. Dövlətlər arasında diplomatik fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, tərəflər öz mövqelərini və narahatlıqlarını birbaşa bir-birinə çatdırırlar”, - deyə Paşinyan bildirib.
O vurğulayıb ki, bu cür təmaslar zamanı müxtəlif ölkələrin nümayəndələri mövqelərini birbaşa qarşı tərəfə çatdırmağa çalışırlar ki, məlumatlar təhrif olunmasın və üçüncü tərəflər vasitəsilə informasiya əldə etməyə ehtiyac qalmasın.
Paşinyanın sözlərinə görə, danışıqlarda müxtəlif məsələlər, o cümlədən azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı mövzu, sərhədlərin delimitasiyası prosesi və Ermənistanın qonşu dövlətlərlə müzakirə etdiyi digər məsələlər gündəmə gətirilib.
Baş nazir nümunə olaraq seçkilərdən sonrakı gecədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığını xatırladıb və həmin söhbət zamanı da bir sıra aktual mövzuların müzakirə edildiyini qeyd edib.
Xatırladaq ki, iyunun 14-də Dilicanda keçirilən görüşün yekunlarına dair Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti tərəflərin “regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini” vurğuladığını açıqlamışdı.
Tərəflər işçi təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Növbəti görüşün Azərbaycanda keçirilməsi planlaşdırılır.