Paşinyan Ermənistanda avtoritar rejim qurur - ŞƏRH 

Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra ölkədaxili siyasi vəziyyət yenidən gərginləşib. Seçki prosesi, müxalifət nümayəndələrinə qarşı hüquqi addımlar, tanınmış iş adamı Qaqik Tsarukyanın həbsi və hakimiyyətin fəaliyyətinə dair səsləndirilən tənqidlər Paşinyan hökumətinin demokratik idarəçilikdən uzaqlaşdığı barədə iddiaları gücləndirib. 

Siyasi ekspertlərin fikrincə, seçkiöncəsi dövrdə və səsvermə günü hakim "Vətəndaş Müqaviləsi" partiyasının üstünlüyünü təmin etmək üçün inzibati resurslardan geniş istifadə olunub, müxalifət nümayəndələrinə qarşı hüquqi və siyasi təzyiqlər artıb. Seçkilərdən sonra isə bu prosesin daha da dərinləşib. Eyni zamanda, Qərb ölkələrinin İrəvana münasibəti və bu proseslərə reaksiyası da müxtəlif siyasi dairələrdə ikili standartlar kontekstində müzakirə olunur.

Regiondakı digər ölkələrdəki siyasi proseslərə sərt reaksiya verən Qərb, Ermənistanda müxalifətə təzyiqlər və digər pozuntu iddiaları fonunda daha yumşaq mövqe tutur və Paşinyanı demokratik tərəfdaş kimi təqdim etməyə davam edir.

Bu yanaşma Qərbin xarici siyasətində dəyərlərdən daha çox geosiyasi maraqların ön planda olduğu barədə iddiaları gücləndirir. Nəticədə Ermənistanın Qərblə yaxınlaşması demokratik institutların möhkəmlənməsindən daha çox, ölkənin Qərb-Rusiya geosiyasi rəqabətinin əsas meydanlarından birinə çevrilməsi riskini artırır. Bunun isə uzunmüddətli perspektivdə daxili siyasi sabitliyə, iqtisadi inkişafa və regional təhlükəsizliyə mənfi təsir göstərə biləcəyi iddia olunur.

Politoloq Tural İsmayılov Sherg az-a bildirib ki, Ermənistandakı mövcud siyasi mənzərə və 2026-cı il iyun parlament seçkiləri ətrafında cərəyan edən proseslər, beynəlxalq münasibətlər sistemində ideoloji ritorika ilə realpolitik arasındakı uçurumun növbəti bariz nümunəsidir:

"Nikol Paşinyanın hakimiyyətinin konsolidasiya üsulları, xüsusilə inzibati resurslardan istifadə, müxalifətə qarşı repressiv mexanizmlərin işə salınması və siyasi opponentlərin neytrallaşdırılması, ölkənin artıq demokratik transformasiya dövründən avtoritar idarəçilik mərhələsinə keçid etdiyini göstərir. Qaqik Tsarukyan və digər tanınmış simaların həbsi, hakimiyyətin siyasi rəqabəti yalnız "Vətəndaş Müqaviləsi"nin maraqları çərçivəsində məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilməlidir.

​Qərbin bu proseslərə yanaşması isə klassik geosiyasi praqmatizmin göstəricisidir. İnsan hüquqları, seçki azadlığı və demokratik standartlar kimi dəyərlər, Ermənistanın Rusiyanın orbitindən çıxarılıb Qərb düşərgəsinə inteqrasiya edilməsi məqsədi qarşısında ikinci dərəcəli əhəmiyyət kəsb edir. Gürcüstan və digər postsovet məkanındakı hadisələrə tətbiq edilən "demokratiya testi" ilə Ermənistan nümunəsi arasında müşahidə olunan kəskin fərq, Qərbin "demokratik standartları" universal hüquqi çərçivədən çox, siyasi loyallıq alətinə çevirdiyini təsdiqləyir. Paşinyanın "Qərbin demokratı" kimi təqdim edilməsi, onun daxildə həyata keçirdiyi repressiv addımların leqallaşdırılması üçün bir növ "siyasi immunitet" rolu oynayır.

​Nəticə etibarilə, Ermənistan daxilində qurulan bu rejim, öz mövcudluğunu daxili demokratik legitimlikdən daha çox, xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb".

Politoloq qeyd edib ki, bir zamanlar Rusiyanın regional forpostu olan ölkənin indi Qərbin geosiyasi maraqlarının təminatçısına çevrilməsi, Ermənistanı daha dərin iqtisadi və sosial böhranlara, həmçinin regional təhlükəsizlik arxitekturasında qeyri-müəyyənliyə sürükləyir: ""Demokratiya" şüarları altında idarə olunan, lakin əslində Qərb-Rusiya rəqabətinin ön xəttinə çevrilən bu ölkə, daxili parçalanma təhlükəsi ilə üz-üzə qalmaqla yanaşı, suveren qərar qəbul etmə qabiliyyətini də itirmək riski daşıyır. Bu mənada, Paşinyan rejimi üçün "Qərbin dəstəyi" təhlükəsizlik zəmanəti deyil, əksinə, ölkəni geosiyasi rəqabətin birbaşa qurbanına çevirən katalizatordur".