Paşinyan iki stolda oturmaq siyasətinin qurbanına çevrilir - TƏHLİL

Rusiya ilə əlaqələr kəsilsə, Ermənistan iqtisadiyyatı iflic olacaq

Moskva İrəvana qarşı bütün rıçaqları işə salır. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycandır

Son zamanlar Ermənistanla Rusiya arasındakı münasibətlər kəskin hal alıb. 2015-ci ildə İrəvanın daxili iqtisadi zəifliyi, onları Avrasiya İqtisadi İttifaqına qoşulmağa məcbur etmişdi. Həmin dövrdə, Ermənistan üçün Rusiyanın hərbi və təhlükəsizlik çətiri həyati əhəmiyyət kəsb edirdi. İndi isə onlar Kremlin siyasi təzyiqləri ucbatından sığınmağa yer axtarırlar. Bu axtarışın bir ucu Avropa İttifaqına gedib çıxır.

Rus oliqarxiyasına məxsus ofislərdə aparılan reydlər və Moskvanın hibrid təzyiqlərinə qarşı Aİ missiyasının “sipər” olaraq bölgəyə dəvət edilməsi, Kremlin səbr kasasını daşırıb. Ötən gün Avrasiya İqtisadi İttifaqının Astanada keçirilən sammitində iştirak edən dörd ölkənin lideri, Ermənistanla bağlı bəyanat qəbul ediblər. Bu gün isə Rusiyanın Ermənistandakı səfiri İrəvanın Aİ-yə meyilli siyasi xətti ilə əlaqədar müzakirə aparmaq üçün Moskvaya çağırılıb.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya dairələrinin kəskin ritorikaya əl atacağı gözlənilən idi:

"Avropa İttifaqına inteqrasiya xəttini seçən Paşinyan hökuməti, bu addımına görə Rusiyanın yüksək vəzifəli rəsmiləri tərəfindən dəfələrlə xəbərdarlıq alıb. Kreml Ermənistanın Qərblə münasibətləri dərinləşdirməsini onun suveren hüququ hesab etsə də, İrəvanın Aİİ-dən ciddi iqtisadi dividendlər aldığı şəraitdə Avropa İttifaqına inteqrasiya cəhdlərini strateji və iqtisadi xəta kimi qiymətləndirir. Ermənistan iqtisadiyyatının 80%-i birbaşa Rusiya şirkətlərinin nəzarəti altındadır. Ermənistanın qaz nəqli və paylanması sisteminə nəzarət edən “Gazprom Armenia” şirkətinin səhmlərinin 100%-i Moskvaya məxsusdur".

Politoloqun sözlərinə görə Rusiya Ermənistan üzərində iqtisadi rıçaqlarla, geosiyasi maraqlarını qoruyub saxlamağa çalışır:

“Ermənistan güc mərkəzlərinin layihəsi əsasında formalaşdırılmış “klayze” dövlətdir. Tarixi reallıqlar da göstərir ki, ondan hər zaman geosiyasi alət kimi istifadə olunub. İrəvan Rusiyanın təsirindən qurtulmaq məqsədilə üzünü Qərbə çevirib. Lakin Ermənistan rəhbərliyi fərqinə varmır ki, onlar Qərb üçün regional mübarizədə maşa rolunu oynayır. Ermənistanın ən böyük strateji qüsuru, beynəlxalq münasibətlərdə qərarverici subyekt yox, güc mərkəzlərinin manipulyasiya etdiyi passiv bir obyekt olmasıdır. Erməni ideoloqları həmişə “asılılıq” statusunu böyük güclərə özləri təklif ediblər. Paşinyan hökuməti isə bu tarixi xəttin ziddinə gedərək, Rusiyanın vassallığından xilas olmağa çalışır”. 

S.İsgəndərovun fikrincə, Ermənistanı yenidən orbitinə qaytarmaq istəyən Moskva eyni anda həm iqtisadi şantaj mexanizmlərini, həm də İrəvandakı siyasi emissarlarını dövriyyəyə buraxıb:

“Baş nazirliyə namizəd R.Köçaryan, Q.Sarukyan və R.Karapetyan üçlüyü, mahiyyət etibarilə ölkənin müstəqilliyini Moskvanın geosiyasi maraqlarına qurban verməyə hazır kadr korpusudur. Ermənistan daxilində Moskvanın siyasi kursunu dəstəkləyən xeyli qüvvə var. Paşinyan höküməti həqiqətən də çətin vəziyyətdədir. ABŞ dövlət katibi Marko Rubionun İrəvan səfərində imzalanan sazişlər Paşinyan hakimiyyətinin geosiyasi iflasından xəbər verir. ABŞ bu sənədlərlə Ermənistanın daxili iqtisadiyyatına dəstək vermək əvəzinə, ölkənin nadir torpaq metallarına əl qoydu. Təbii ki, ölkənin strateji resurslarının bu şəkildə güzəştə gedilməsi, Paşinyanın reytinqinə zərbə vuracaq”. 

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanı Avrasiya İqtisadi İttifaqındakı imtiyazlardan məhrum edəcəyi təqdirdə, Paşinyana qarşı xalq etirazları baş qaldıra bilər:

“Ermənistanın eyni anda iki stolda əyləşmək siyasəti iflasa uğrayır. Təsəvvür edin ki, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən çıxmayıblar, ancaq fəaliyyətlərini dayandırdıqlarını açıqlayırlar. Bunlara nəzərə aldıqda, Kremlin İrəvanın addımlarından doğan narahatlığı əsaslıdır. Sorğu anketlərinə görə Paşinyan hökuməti 30 faizdən yuxarı səs toplasa da, iqtisadi parametrlər seçkilər dönəmində onun üçün ciddi risklər və sınaqlar vəd edir. Çünki cəmiyyət üçün hər şeydən əvvəl iqtisadi rifah önəmlidir. Əsas məsələ ondan ibarətdir ki, Avropa İttifaqı Rusiyanın həm birbaşa, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistana onilliklər boyu qazandırdığı iqtisadi mənfəətləri əvəzləyə biləcəkmi ? Məsələnin ən kritik tərəfi budur”. 

S.İsgəndərovun qənaətinə görə Avrasiya İqtisadi İttifaqının Astandakı sammitində Ermənistanla bağlı qərarların verilməsi gözlənilən idi:

“Həqiqətən də, Aİİ və Avropa İttifaqının iqtisadi əlaqələr konsepsiyası, bazara yanaşma prinsipləri bir-birindən fərqlənir. Əgər Rusiya Ermənistanla iqtisadi əlaqələri kəsərsə, ölkənin iqtisadiyyatı iflic olacaq. Bunun qarşısını almaq üçün Avropa indiyə qədər Rusiyanın Ermənistana verdiyi iqtisadi dividendləri qarşılamalıdır. Amma Aİ buna maraqlı görsənmir. Ermənistanın yeganə çıxış yolu, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri inkişaf etdirməkdir. Bunun üçün də Paşinyan höküməti Azərbaycanla sülh müqaviləsi imzalamağa tələsməlidir”. 

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistana çoxsaylı jestlər edilsə də, qarşı tərəf passiv mövqe sərgiləyir: 

“Paşinyan alternativ qaz imkanlarının olduğunu açıqlasa da, bu potensiala malik ölkələr yalnız Azərbaycan və İrandır. Ermənistan üçün ən rasional çıxış yolu Azərbaycanla əməkdaşlığa getməkdir. Çünki ölkəmiz Ermənistanın qaz tələbatını qarşılamağa qadirdir. Hələ ki biz, Ermənistandan sülh prosesinə müsbət təsir göstərəcək addımlar görmürük. Fikrimcə, Rusiya ilə Paşinyan höküməti arasında pərdəarxasında müəyyən sahələr üzrə sövdələşmələr gedir. Bunu da gələcək dönəmdə görəcəyik”.