Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə Bişkekdən qayıdanadək Rusiya əleyhinə açıqlama verməmələri və Kərki məsələsini gündəmə gətirməmələri barədə təlimat verib.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
Ermənistan nəşri Paşinyandan sitat da gətirib:
“Gəlib yekun nəticəni deyəcəm, sonra həll edərik. Mən Bişkekdə olanda burada özünüzdən oyun çıxarmayın. İki günlük taym-aut”.
Ermənistan Baş naziri hazırda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı üçün Qırğızıstanın paytaxtındadır. O, dünən Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Ermənistan yox, Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Bununla belə, onun adını çəkmədiyi Sofulu kəndi də Azərbaycana qaytarılmalı olan ərazilər daxilindədir.